Seminarlar


“Yeraltı şirin suların qorunması və səmərəli istifadəsi məqsədilə yeraltı hidrosferin kompüter modelləşməsi (Abşeron yarımadasının timsalında)” mövzusunda seminar

21.04.2011



20 aprel 2011-ci il tarixində saat 1100-da AMEA-nın Geologiya İnstitutunun akt zalında “Yeraltı şirin suların qorunması və səmərəli istifadəsi məqsədilə yeraltı hidrosferin kompüter modelləşməsi (Abşeron yarımadasının timsalında)” mövzusunda Yer elmləri bölməsinin ümumrespublika elmi seminarı keçirildi.

 
Məruzəçi: g.-m.e.d. Y.H. İsrafilov
 
 
Hər hansı bir xalq təsərrüfatı tədbiri ilə əlaqəli işlərin iqtisadi effektivliyini və əsaslandırılmasını proqnozlaşdırmaq hidrogeoloji tədqiqatların aparılmasını tələb edir.
Müasir dövrdə şəhər və qəsəbələrin urbanlaşması, sənaye və kənd təsərrüfatı istehsalının inkişafı və s. baş verənlər bu tədqiqatlarda xüsusi əhəmiyyət kəsb edir, çünki təsir gücünə görə onlar təbiətin təsir gücünə yaxınlaşır və bəzən ondan da artıq təsirə malik olurlar. Texnogen amillər hidrogeoloji şəraiti kəskin dəyişə bilirlər ki, bu da təbii ekoloji və geoekoloji şəraitdə öz əksini tapır.

 
Hidrosferdəki hidrodinamik şəraitin qiymətləndirilməsi, yeraltı suların səviyyəsinin tənzimlənməsi, çirkləndiricilərin mənbəyi və miqrasiya yollarının müəyyənləşdirilməsi, yeraltı suların kəmiyyət və keyfiyyət parametrlərinin antropogen təsirlə dəyişməsi və onların təbii şəraitə təsirinin qiymətləndirilməsi müasir dövrdə həllini gözləyən ilk növbəli məsələlərdəndir. Bu problemlərin həlli yeraltı suların qorunması və səmərəli istifadəsi ilə yanaş, həm də mühitdə ekoloji tarazlığı təmin edir.

 
Yuxarıda qeyd olunan məsələlərin həllinin ən optimal üsulu, tədqiq olunan hidroloji hövzə üçün yeraltı hidrosferin kompüter modelləşməsi və geoinformasiya kartoqrafiyası əsasında geofiltrasiya modelinin hazırlanmasıdır. Kompüter geofiltrasiya modeli və geoinformasiya kartoqrafiyası texnologiyası bütün geoekoloji mühitin əsas hissəsi olan hidrosferin optimal idarə olunmasına imkan yaradır.

 
Abşeron yarımadasındakı urbanizasiya və aqrosənaye potensialının sürətli inkişafı mühitdə və o cümlədən yeraltı hidrosferin yüksək dərəcədə antropogen amillərlə yüklənməsinə səbəb olmuşdur. Nəticədə - subasma, sürüşmə, çökmə, mühəndisi qurğuların dağılması və s. Kimi neqativ hallar yaranmışdır. Abşeron yarımadası timsalında regionun kompüter geofiltrasiya modelinin işlənilməsi əsaslandırılaraq bir neçə konkret misalın həlli göstərilir.