Elmi təşkilat


Beynəlxalq əlaqələr şöbəsi


Şöbə rəhbəri geologiya-mineralogiya elmləri namizədi Əliyev Kamran Əliqulu oğlu.

Tel.: (994 12) 497 52 85
E-mail: [email protected]

Beynəlxalq əlaqələr şöbəsi AMEA Geologiya və Geofizika İnstitutunun elmi mərkəzlərlə, xarici şirkətlərlə elmi əlaqələrini təmin edir. Şöbənin əsas funksiyalarına - beynəlxalq şirkətlərin nümayəndəlikləri ilə əlaqələrin yaradılması, institutun elmi məhsulunun reklam olunması, institut əməkdaşlarının beynəlxalq konfranslarda, simpoziumlarda, sərgilərdə iştirakı və s. daxildir.

Geologiya və Geofizika İnstitutunun beynəlxalq əlaqələrinin əsas forması – Azərbaycanın geoloji quruluşu və neft-qazlılığı ilə bağlı müxtəlif problemlər üzrə birgə elmi tədqiqatların aparılmasıdır. ABŞ, Rusiya, İngiltərə, Almaniya, Hollandiya, Fransa, Avstriya, Yaponiya, Cənubi Koreya, Ukrayna, Gürcüstan kimi ölkələr institutun beynəlxalq elmi mərkəzləri ilə əlaqələrində aparıcı yerlər tuturlar. Türkiyə, Qazaxıstan və Dağıstanın elmi mərkəzləri ilə də birgə işlər aparılır.

30-a yaxın xarici və beynəlxalq təşkilat – BP, EXXON/Mobil, Shell, Chevron, UNOCAL, Statoil, Conoco, RWE, OMV, İNTAS, YUNESKO, NATO, İsveçrə Milli Elm Fondu, ABŞ-nin Mülki Tədqiqatlar və İnkişaf Fondu və Milli Elm Fondu və başqaları Geologiya və Geofizika İnstitutu ilə əməkdaşlıq edir, işçi və elmi əlaqələri inkişaf etdirirlər.

İnstitututda BP neft şirkətinin dəstəyi ilə Modelləşdirmə Mərkəzi fəaliyyət göstərir. Mərkəz Cənubi Xəzər hövzəsinin neftlilik baxımından kifayət qədər öyrənilməmiş ərazilərində geoloji prosesləri modelləşdirməklə məşğul olur. Modellərin sayəsində hövzənin geoloji quruluşu daha obyektiv öyrənilir və neft-qaz axtarışının səmərəliliyini artırmaq imkanları yaranır.

Geologiya və Geofizika İnstitutunun beynəlxalq elmi əlaqələrdəki uğurları, əcnəbi geoloqlarla aparılmış birgə elmi tədqiqatların nəticələri onu göstərir ki, bu gün Azərbaycanın dünyaya inteq-rasiya etməsində geologiya elminin xüsusi yeri vardır. Bunun müəyyən hissəsi yaradılmış sıx beynəlxalq elmi əlaqələrin payına düşür.