Xəbərlər


Türkiyədə keçirilən beynəlxalq treninqdə Geologiya İnstitutunun əməkdaşlarının iştirakı

20 sentyabr – 22 oktyabr tarixləri arası, Türkiyədə “Seysmologiya, seysmik məlumatların təhlili və seysmik təhlükənin dəyərləndirilməsi” adı altında beynəlxalq treninq kurs keçirilmişdir. Kurs, Almaniya Yer Elmləri tədqiqatları mərkəzi (GFZ) tərəfindən, Almaniyanın Beynəlxalq işlər üzrə Federal xidməti (Berlin) və UNESCOnun (Paris) maddi dəstəyi ilə keçirilmişdir.


Kurslar Kandilli Rəsədxanası və Zəlzələlərin tədqiqi İnstitutu (İstanbul), TÜBİTAK Marmara Araşdırma Mərkəzi (Gəbzə), Kocaeli Universiteti, Təbii fəlakət və fövqəladə halların idarə olunması mərkəzi (Ankara), 9 Eylül Universiteti (İzmir) kimi Türkiyənin aparıcı elmi müəsisələrinin sıx əməkdaşlığı ilə təşkil olunmuşdu.


Kursun proqramına müasir seysmologiyanın məqsəd və vəzifələri, seysmik cihazların quruluşu, seysmik monitorinqin həyata keçirilməsi, seysmik məlumatların qeydiyyatı və təhlili, seysmik dalğaların yerin daxilində yayılma xüsusiyyətləri, GPS və İnSAR texnoloqiyaların əsasları, seysmik təhlükənin qiymətləndirilməsi, riskin azaldılması yolları və s. kimi seysmologiyanın aktual mövzuları daxil idi.  Həmçinin kursun proqramına uyğun olaraq, müxtəlif avadanlıqların istifadəsi ilə çöl işləri, Şimali Anadolu qırılma zonası, mineral sularla zəngin “Pamukkale” dağına, Afyonda yerləşən termal sular ərazisinə və s. ekskursiyalar təşkil olunmuşdur.

Azərbaycanı bu kursda AMEA Geologiya İnstitutu “Geodinamika və Seysmoloqiya” şöbəsinin əməkdaşları Fuad Əliyev və Rafiq Səfərov təmsil etmişlər. F. Əliyev və R. Səfərov kurs iştirakçıları üçün Geologiya İnstitutunda apardıqları elmi araşdırmaların nəticələrini təqdim etmişlər. Kursun proqramına həmçinin qeyri-rəsmi mədəni tədbirlər də daxil idi. Bu tədbirlərdə hər bir iştirakçı təmsil etdiyi dövlət haqqında məlumat təqdim edirdi: təbiəti, mədəniyyəti, tarixi abidələri, adət və ənənələri və s. Azərbaycanlı iştirakçılar tərəfindən təqdim olunan təqdimatlar təşkilatçı və iştirakçılarda böyük marağa səbəb olmuşdu.  

Kursun sonunda beynəlxalq kursun hər bir iştirakçısına sertifikatlar təqdim olundu.