Xəbərlər


ELMİ ŞURANIN İCLASI

 

10 noyabr 2020-ci il

Geologiya və Geofizka İnstitutu Elmi şurasının iclası keçirilib.

İnstitutun direktoru akademik Akif Əlizadə tədbirə başlamazdan əvvəl akademik Əkpər Feyzullayevin 75 yaşının tamam olduğunu bildirib, onun səmərəli elmi fəaliyyətini qeyd edib və yubilyarı kollektiv adından təbrik edərək xoş arzularını bildirib.

Akif Əlizadə sonra iclas iştirakçılarını gündəliklə tanış edib və "Azərbaycanda qazıntı halında tapılan xortumluların yeni filogenetik sıraları"mövzusunda elmi məruzə üçün sözü Təbiət-Tarixi Muzeyinin direktoru b.e.n. Tariel Eybatova verib.

Məruzəçi ölkə ərazisində aparılmış tədqiqatları çıxışında təhlil edərək əvvəlki tapıntılarla son zamanlarda əldə olunanların müqayisəli analizini təqdim edib. Azərbaycan ərazisində xortumluların yeni cinsi və yeni növü barədə, son yüz il ərzində ölkə ərazisində aşkar edilmiş xortumluların tam təftişinin aparıldığını bildirib. Qeyd edib ki, suyun səviyyəsinin aşağı düşməsi ilə süxurların aşınması baş verir və nəticədə xeyli miqdarda fosil faunası ilə zəngin olan yeni təbəqələr yaranır. Bu da öz növbəsində toplanmış kolleksiyanın unikallığına zəmin yaradır.

Çoxsaylı suallar cavablandırılandan sonra məruzə ətrafında çıxışlar olub. Elmi şura Tariel Eybatovun məruzəsinin qəbul edilməsi barədə qərar qəbul edib.

Elmi şuranın gündəliyinə uyğun olaraq müdafiə tematikası üzrə elmi-tədqiqat işləri proqramlarının müzakirəsi reallaşıb. "Müdafiə sənayesində istifadə məqsədilə Kiçik Qafqazın şimal-şərq yamaçı və Talış zonasının geoloji komplekslərinin müxtəlif strateji xammala perspektivliyinin elmi qiymətləndirilməsi" (AMEA-nın müxbir üzvü Tələt Kəngərli, g.-m.e.d., professor Musa Məmmədov), "Dağlıq Qarabağın azad edilmiş ərazilərində müasir texnologiyadan istifadə etməklə radioaktiv çirklənmə zonalarının müəyyənləşdirilməsi və tədqiqi" (AMEA-nın müxbir üzvü Çingiz Əliyev) mövzusunda proqramlar müzakirə olunaraq qəbul edilib.

Sonra 2020-ci ildə GGİ-də geofizika (akademik Fəxrəddin Qədirov, AMEA müxbir üzvü Qurban Yetirmişli və b.), neft geologiyası (AMEA müxbir üzvü Elmira Əliyeva, g.-m.e.n. Elçin Bağırov) və geodinamika (g.-m.e.d. Muxtar Rüstəmov) istiqamətləri üzrə əldə edilmiş mühüm elmi nailiyyətlər müzakirə edilib, İnstitutun analitik bazasının vəziyyəti və aparılan işlərin effektivliyi haqqında Nazim Sadıqovun məlumatı dinlənilib.

Larisa Biryukova Elmi şura üzvlərini GGİ-nin doktorant və dissertantlarının attestasiyasının yekunları barədə məlumatlandırıb.

Sonda müxtəlif cari məsələlər müzakirə edilib.