Xəbərlər


30 İLLİK SƏBR, DÖZÜM, İRADƏ XALQIMIZI DAHA GÜCLÜ EDİB

 
08 oktyabr 2020-ci il

Akademik Akif Əlizadə redaksiyamıza ünvanladığı ürək sözlərində bildirir: Xalqımız 30 illik səbr, təmkin göstərdikdən, sabaha ümidlə baxdıqdan sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri altında Qarabağ torpaqlarının Ermənistanın işğalından azad edilməsi sevincini yaşamağa başladı. Son 10 günün uğurlu hərbi əməliyyatları, xeyli ərazimizin azad edilməsi, düşmən ordusunun silah-sursatlarını qoyub geri qaçmaları göstərir ki, 30 illik səbr, dözüm, iradə xalqımızı daha güclü edib. Bu illər ərzində ölkə lideri beynəlxalq səviyyədə keçirilən tədbirlərdə Azərbaycanın haqlı mövqeyini, sülhsevər siyasətini, regionda əmin-amanlığın bərqərar olmasının zəruri olduğunu israrla bəyan edib.

Prezident İlham Əliyev ötən dövrdə, eyni zamanda, fəaliyyətinin böyük hissəsini ölkəmizdə etibarlı hərbi sistem, özünəməxsus döyüş taktikası hazırlamağa, şəxsi heyətin ən mürəkkəb şəraitdə düşmən üzərində üstünlük qazanması təcrübəsinə həsr edib. Bu illər həm də Minsk qrupunun vədlərinin puça çıxması, xalqımızın öz gücünə və imkanlarına güvənməsi dövrü olub. Nəticədə Ermənistanın ixtişaşlar zəminində bir-birini əvəz edən, “dini və milli baxımdan müstəsna xalq” mərəzindən qurtula bilməyən 3 prezidentinin də öz xalqına gün ağlaya bilməməsi bu günün odlu-alovlu hadisələrinə zəmin yaratdı. Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində qeyd etdiyi kimi, “prezidentliyinə kimi heç bir məsul vəzifə daşımamış Paşinyan səriştəsizdir.” Hər halda erməni xalqı öz seçimində yanıldığını etiraf etməlidir.

Bu gün region üçün xilaskarlıq missiyasını gerçəkləşdirən Azərbaycan Ordusunun zəfər yürüşü davam edir. Hər bir azərbaycanlı əsgərdir və o öz mövqeyində ayıq-sayıq durmuşdur. Ermənistanın və onun havadarlarının ümidlərinin əksi olaraq Vətən müharibəsi Azərbaycanda dövlətlə xalqın satsılmaz vəhdətini bir daha nümayiş etdirir. Ölkədə nadirt siyasi fəaliyyət modeli yaranmışdır.

Ermənistan və onun hərbi-siyasi rəhbərinin fiaskoya uğraması artıq gizlədilə bilən hadisə deyil. Bunu anlayan Paşinyan və onun fitnəkar, quduzlaşmış yan-yörəsi beynəlxalq hüquq normaları, müharibə qanunları və əxlaq çərvivəsində müharibə aparan Azərbaycandan fərqli olaraq, yalan məlumatlar qoşub tirajlayır, dinc sakinlərimizi artilleriya hədəfi seçir. Çıxılmaz vəziyyətə düşən yağıların rəhbəri qüdrətli ölkələrin başçılarına yalvarış müraciətləri edir, nəticə olmadıqda qadın batalyonu yaradır, pensiyaçıları Azərbaycana qarşı döyüşmək üçün səfərbər edir. Məkrli düşmənlərin uydurduqları “Türkiyə hərbi təyyarəsi Ermənistanın təyyarəsini vurmuşdur”, “Azərbaycanda muzdlular döyüşür”, “Azərbaycan üçün pis placaq” kimi yalanlar sabun köpüyü kimi partlamışdır.

30 ilin faydasız danışıqları, mənasız sülh çağırışları, əfsuslar olsun ki, nəticəsiz qaldı. Vəziyyətdən çıxış yolunu Azərbaycan özü gerçəkləşdirməli oldu. Rəşadətli Azərbaycan ordusunun hər gün azad etdiyi məntəqələrə tezliklə minlərlə yerli sakin qayıdacaq, quruculuq işləri başlayacaq. Deməli, məkrli düşmən yalnız silah dilini başa düşürmüş. Təsadüfi deyil ki, özgə torpağında savaşa qatılan, yad ölkədə candərdi hərbi qulluq edən Ermənistan silahlı qüvvələri işğal edilmiş əraziləri texnika-sursatla bir yerdə qoyub qaçmaqdadır. Son məlumatlara görə, Ermənistan tərəfdən 4 min fərari qeydə alınıb, onlardan 2 mininə cinayət işi açılıb. Qarabağın marionet rəhbərliyi isə oda saldıqları əhalini qoyub, öz ailələrini tez-tələsik təxliyə edir.

Heç şübhə etmirəm ki, Prezidentimiz, Ali Baş komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli ordumuz tezliklə Qarabağı işğaldan azad edəcək, minlərlə insan dədə-baba yurduna qayıdacaq. Vətən müharibəsi, Qalib ordumuz, müdrik Prezidentimiz, Ən yeni şərəfli tariximiz barədə ən layiqli sözlər də onda deyiləcək.


Akademik Akif Əlizadə

“Xalq qəzeti”