Xəbərlər


GEOLOQLARIN VƏ KİMYAÇI ALİMLƏRİN VULKAN PALÇIĞI ƏSASINDA ƏRSƏYƏ GƏTİRDİKLƏRİ GÜBRƏ PAMBIQ SAHƏSİNDƏ UĞURLA SINAQDAN KEÇİRİLİB

 
25 sentyabr 2020-ci il

Azərbaycanda palçıq vulkanlarının püskürməsi nəticəsində hər il yerin müxtəlif dərinliklərdən səthə milyon kub metrlərlə brekçiya (vulkan palçığı) xaric edilir. Vulkan palçığının mülaicəvi, həmçinin tikinti və kosmetalogiya sahələrində istifadəsinin mümkünlüyü haqqında məlumatlar mövcuddur. Lakin alimlərimiz indiyədək istifadə edilməyən Azərbaycanın vulkan palçığı xammalı əsasında kompleks gübrə ixtira etmiş, onların bu təşəbbüsü Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən artıq patentləşdirilmişdir.

Dünyada hələ ki analoqu olmayan həmin elmi ixtiranın kənd təsrrüfatı sahələrində sınaqdan keçirmək məqsədilə bu il Salyan Dövlət Aqrar İnkişaf Mərkəzi (SDAİM) rayonun Xələc kəndində yerli mülkiyyətçiyə aid 1 ha sahə ayırmışdır. Həmin sahədə ərəsəyə gətirilmiş yeni kompleks üzvi gübrə ilkin olaraq pambıq bitkisinin becərilməsi prosesində tətbiq edilmişdir.

Yerli mülkiyyətçinin ənənəvi üsulla becərilən sahələrindən fərqli olaraq, sözügedən gübrənin tətbiq edildiyi yanaşı sahədə yetişdirilən pambıq bitkisinin inkişafı və məhsuldarlığı mütəxəssislərin diqqətini cəlb edir. Belə ki, bitkinin hündürlüyü, gövdəsi və budaqları digər yanaşı qonşu sahələrdə bitən pambıq kollarını xeyli üstələyir. Orta hesabla yeni gübrə ilə yetişdirilən pambıq kolunda 60-dan çox açılmış və açılacaq pambıq qozsı qeydə alınmışdır. Pambıqların orta çəkiçi 14 qrama çatır ki, bu da yüksək nəticənin göstəricisi hesab edilir.

AMEA Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi, professor Mirəli Alosmanovun rəhbərliyi altında həyata keçirilən sözügedən sınaq məqsədli eksperimental tədqiqatları həmin müəssisənin şöbə müdiri, professor Adil Əliyev, dosent Orxan Abbasov, eləcə də AMEA Kataliz Qeyri-üzvi Kimya İnstitutunun dosenti Zarema Cabbarova və Şahin Bağırov aparır.

Hazırda alimlərimizin iştirakı ilə SDAİM məhsulun yığımını həyata keçirir. Sonrakı mərhələlərdə sözügedən Mərkəzin yetişdirdiyi “ağ qızılın” kəmiyyət və keyfiyyət parametrlərinin müəyyənləşdirilməsi və alınan nəticələrin aktlaşdırılması nəzərdə tutulur.