Xəbərlər


AMEA-nın MÜXBİR ÜZVÜ ELMİRA ƏLİYEVANIN YUBİLEYİDİR

 

11 sentyabr 2020-ci il
 

Elmi ictimaiyyət AMEA-nın müxbir üzvü Elmira Əliyevanın 60 illk yubileyini qeyd edir.

Elmira Hacımurad qızı Əliyeva 1960-cı il sentyabrın 12-də Bakı şəhərində anadan olmuşdur.Azərbaycan Dövlər Universitetinin (İdiki BDU) geoloji-coğrafi fakültəsini bitirmiş, 1990-ci ildə "Cənubi-Xəzər çökəkliyinin qərb yamacının antropogen Didakna mollyuskaların filogenya, sistematika və paleoekoloqo-biogeokimyəvi xarakteristikası" mövzusunda namizədlik, 2005-ci ildə "Orta və Cənubi-Xəzər çökəkliyinin qərb yamacının mezokaynozoy çöküntülərinin sedimentasiya tsiklliliyi və fasiyaları" mövzusunda doktorluq dissertasiyası müdafiəə etmişdir.

Sedimentologiya və neft geologiyası üzrə yüksək ixtisas sahibi olan E.Əliyeva 1991-ci ildən AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) işləyir. O hazırda GGİ-də Neftli-qazlı hövzələrin litogenezi şöbəsinin rəhbəri kimi məsul elmi vəzifə daşıyır. İxtisasını sevən və bu sahədə elmi bilkilərini daim inkişaf etdirən alim 2014-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

AMEA-nın müxbir üzvü E.Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətləri çoxsahəlidir: müasir və qədim terrigen çöküntü sistemlərinin toplanması şəraitləri və tsiklləri; Mezokaynozoy çöküntülərinin sekvens və xemostratiqrafiyası; məhsuldar qatın karbohidrogen rezervuarlarının stratiqrafik arxitekturası; iqlim, dəniz səviyyəsinin dəyişməsi və çöküntü toplanması; Mezokaynozoyda Xəzər ərazisinin paleocoğrafiyası; ətraf mühit dəyişmələrinə qarşı geokimyəvi və biokimyəvi reaksiyalar.

Təsadüfi deyil ki, Elmira Əliyevanın rəhbərlik etdiyi şöbə prioritet istiqamətləri kimi mühüm elmi-tədqiqat layihələrini və dissertasiya mövzularını reallaşdırır: Cənubi Xəzər və Orta Kür hövzələrinin Kaynozoyda paleocoğrafiyası, Miosen - Pliosen çöküntülərinin kollektor xüsusiyyətləri və üçölçülü modelləşdirilməsi; diatomeyaların öyrənilməsi nəticəsində Maykop və Pleystosen-Holosendə Cənubi Xəzər hövzəsinin qərb bortunun paleoekologiyası və s.

Son illərin tədqiqatlarına əsaslanan şöbənin aldığı elmi nəticələr də ürəkaçandır:

Orta və Cənubi Xəzər hövzələrinin qərb bortunda Mezo- Kaynozoy çöküntülərinin toplanma şəraitinin dəqiq öyrənilməsi, neftli ana və kollektor süxurların toplanmasının siklliyi müəyyən olunması; Qırmakı dərəsində Məhsuldar qatın alt və üst şöbəsinin nadir fasiləsiz kəslişinin litoloji-sedmentoloji təsvirinin santimetr miqyasında verilməsi; Cənubi Xəzər hövzəsində karbohidrogen rezervuarları arxitekturunun formalaşmasında dəniz səviyyəsinin dəyişməsinin rolu; Cənubi Xəzər hövzəsinin dərin gömülmüş mərkəzi hissəsində iri karbohidrogen rezervuarlarının mövcudluğu ehtimalının əsaslandırması; Məhsuldar Qat çöküntülərinin toplanma şəraitinin dəqiq öyrənilməsi və Cənubi Xəzər hövzəsinin Pliosen ərzində dəqiq paleocoğrafik rayonlaşdırılması və kollektorların keyfiyyətinin dərəcələrə bölünməsi; Orta Kür və Cənubi Xəzər hövzələrində Maykop – Miosen çöküntülərinin sedimentasiya səraitlərinin və kollektor xüsusiyyətlərinin öyrənilməsi.

Şöbənin əməkdaşları beynəlxalq elmi fondlar tərəfindən maliyyələşdirilən INTAS, CRDF, STSU, SNF, UNESCO kimi layihələrin həyata keçirilməsində, BP, Shell, ConocoPhillips, OMV, RWE, Lukoil, Rosneft kimi neft şirkətlərinin sifarişi ilə görülən işlərdə fəal iştirak edirlər. Son illər ərzində həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə elmi tədqiqatlar aparılır.

Uzun illər ərzində şöbənin elmi tədqiqatları müxtəlif ölkə universitetləri alimlərinin əməkdaşlığı ilə keçirilib. Bu universitetlərə, əsasən, Delft şəhərində Texniki Universitet və Utrext şəhərinin (Niderland) Universiteti, Gent şəhərinin Universiteti (Belgiya), Kembric (Böyük Britaniya) şəhərinin Universiteti, Merilend və Vayominq (ABŞ) ştatlarının universitetləri, K.Bernard adına Universitet (Lyon, Fransa), Cenevrə şəhərinin Universiteti (İsveçrə), Buxarest şəhərinin Universiteti (Rumıniya), Moskva Dövlət Universiteti (Rusiya) daxildir.

E.Əliyevanın 200 yaxın elmi əsəri, onlardan 3 kitab çap edilmişdir.

Alimin fəal pedaqoji fəaliyyəti də diqqət çəkir. O, AMEA-nın magistraturasının, BP şirkətinin təşkil etdiyi “Sedimentologiya, stratigrafiya və struktur geologiya” çoxhəftəlik yay tələbə kurslarının müəllimi, Geologiya və Geofizika İnstitutu nəzdində Dissertasiya Şurasının üzvüdür. Həmçinin “Neft-qaz hövzələrinin stratiqrafiyası və sedimentologiyası” beynəlxalq elmi jurnalı redaktorunun müavini vəzifəsini daşıyır. 17 doktorantın, dissertantın və magistrantın elmi rəhbəridir.

Səmərəli elmi və ictimai fəaliyyətinə görə Elmira Əliyeva 2010-ci ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür.

GGİ-nin rəhbərliyi və İnstitut kollektivi Elmira xanım Əliyevanı 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, elmi fəaliyyətində və şəxsi həyatında daha böyük uğurlar arzulayır.