Xəbərlər


ELMİ İCTİMAİYYƏTƏ AĞIR İTKİ ÜZ VERMİŞDİR


11 avqust 2020-ci il

AMEA Geologiya və Geofizika İnstitutunun Geomaqnetizm şöbəsinə uzun illər rəhbərlik etmiş Mənijə İsayeva vəfat etmişdir.

Mənijə İsa qızı İsayeva 1942-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə mühəndis-geofizik ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Müxtəlif geoloji istehsalat təşkilatlarında işləmişdir. 1969-cu ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu - GGİ) işləməyə başlamışdır.

1977-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetində "Paleomaqnit üsulu ilə Rus platformasının pleystosen moreninin öyrənilməsi" mövzusunda namizədlik, 1990-cı ildə "Azərbaycanın neftli-qazlı vilayətlərinin kaynozoy paleomaqnetizmi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. M. İsayevanın elmi fəaliyyəti süxurların maqnitizmi və paleomaqnitizmin tədqiqi, yer qabığı və üst mantiyanın dərinlik quruluşunu öyrənmək, zəlzələlərin seysmomaqnit müjdəçilərini müəyyən etməklə əlaqədar idi. O, Azərbaycanın kontinental və dəniz kaynozoy çöküntüləri üzrə regional istinad paleomaqnit şkalası tərtib etmiş, regional və lokal strukturların neft-qazlılıq perspektivliyini qiymətləndirmək üçün maqnit və paleomaqnit kriteriləri müəyyən etmişdir. Paleomaqnit məlumatlarına görə Kiçik Qafqaz ərazisinin yura və təbaşir dövrlərindəki tektonik hərəkətlərinin kinematik parametrlərinin müəyyən edilməsi Kiçik Qafqazın deformasiyaya qədər olan vəziyyətini təyin etməyə imkan vermişdir.

Yüzdən çox elmi məqalə, dörd monoqrafiyanın müəllifi olan alim bir neçə elmlər namizədi hazırlamış və doktorluq dissertasiyalarının elmi məsləhətçisi olmuşdur.
Mənijə İsayeva Azərbaycan elminə verdiyi töhfələrə görə 2005-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, 2008-ci ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
İstedadlı alim, gözəl insan, kollektivin sevimlisi Mənijə İsayevanın xatirəsi Geologiya və Geofizika İnstitutu kollektivivn və onu tanıyan hər kəsin xatirəsində həmişə yaçayacaqdır.


ALLAH rəhmət eləsin!