Xəbərlər


PREZİDENT İLHAM ƏLİYEVİN XÜSUSİ SESSİYA BARƏDƏ TƏŞƏBBÜSÜ BƏŞƏRİ HƏMRƏYLİYİN NÜMUNƏSİNƏ ÇEVRİLƏCƏK

 
24 iyul 2020-ci il

Bu tədbir Azərbaycan Prezidentinin qlobal liderliyi və qlobal baxışı sayəsində baş tutur. BMT özünün 75 illik tarixində Baş Assambleyanın 30 xüsusi sessiyasını keçirib. Onların hər biri Baş Assambleyanın ən əhatəli məsələləri nəzərdən keçirən müntəzəm sessiyalarından fərqli olaraq, ayrıca bir məsələyə həsr edilib. BMT-dən verilən məlumatlarda bildirilir ki, Qoşulmama Hərəkatının (QH) sədri kimi İlham Əliyevin təşəbbüsünə dünya ölkələri dəstək nümayiş etdirirlər. Bu, Azərbaycana olan böyük inamın və ehtiramın göstəricisidir. Həmin etimadın əsasında isə Azərbaycanın konkret humanist addımları durur. Təkcə onu demək kifayətdir ki, respublikamız COVID-19-a qarşı mübarizədə bəşəri həmrəyliyin nümunəsi kimi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü ianə ayırmış, 30-dan çox dövlətə humanitar yardım göstərmişdir.

Artıq hamı bu qənaətdədir ki, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının dünyada COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr edilmiş xüsusi sessiyasının çağırılması barədə təşəbbüsü tarixi əhəmiyyətə malikdir. Dövlətimizin başçısının irəli sürdüyü və Qoşulmama Hərəkatı ölkələrinin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edildiyi üçün xüsusi sessiyanın keçirilməsi artıq təkcə hərəkata üzv ölkələrin deyil, BMT üzvü olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir.

Bəli, dünyada həyəcan təbilini, məhz, Azərbaycan Respublikasının Prezidenti çaldı, nüfuzlu beynəlxalq təşkilatların zirvə görüşlərinin və BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürdü və buna nail oldu. Bu, dövlət başçımızın, eləcə də xalqımızın humanist dəyərlərə verdiyi yüksək qiymətin göstəricisidir.

Ümidvarıq ki, möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü sayəsində, nəhayət ki, BMT dövlət başçıları səviyyəsində pandemiya ilə mübarizə kimi önəmli qlobal məsələnin müzakirəsi aparılacaq və bəşəriyyəti koronavirus pandemiyasından xilas edə biləcək önəmli qərarlar qəbul olunacaq. Prezident İlham Əliyevin pandemiyaya qarşı mübarizə çərçivəsində tədbirlərin görülməsi məqsədilə hazırda rəhbərlik etdiyi Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyanın keçirilməsi təşəbbüsü 130-dan çox üzv dövlət tərəfindən dəstəklənmişdir.

BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistan oldu. Dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq, – deyə Ermənistan etiraz etdi və yenidən təcrid olunmuş vəziyyətdə qaldı. Koronavirus pandemiyasına qarşı mübarizədə çarəsiz qalmış, ölkədaxili iqtisadi, sosial problemlərin əsirinə çevrilmiş, ölkə vətəndaşlarının haqlı etirazları və onların Ermənistanı kütləvi surətdə tərk etdiyi şəraitdə Nikol Paşinyan yeganə çıxış yolunu Azərbaycan sərhədlərində gərginliyi artırmaqda, dinc Azərbaycan sakinlərini top atəşinə tutmaqda görür.

Heç şübhə yoxdur ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənə layiqli cavabı verməyə qadir olan Azərbaycan Ordusu düşmən həmləsini qətiyyətlə dəf edəcək. BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası da uğurla reallaşacaq. Nəticədə uduzan tərəf dünyanın gözü qarşısında beynəlxalq hüquq normalarını, adi humanist qaydaları pozan, sivil aləmdən özünü təcrid edən, etnik hikkəyə söykənmiş siyasət yürüdən Ermənistan dövləti olacaq.



Akif ƏLİZADƏ,
AMEA Geologiya və Geofizika İnstitutunun direktoru, Yeni Azərbaycan Partiyası sədrinin müavini, akademik


"Xalq qəzeti", 24 iyul 2020-ci il