Xəbərlər


AKADEMİK FƏXRƏDDİN QƏDİROVUN 70 İLLİK YUBİLEYİDİR

 
19 iyul 2020-ci il

Geofizika elminin görkəmli siması, yüksək insani dəyərlərə malik vətənsevər alim, geologiya-mineralogiya elmləri doktoru, professor, akademik Fəxrəddin Əbülfət oğlu Qədirovun 70 illik yubileyi fəxrlə qeyd edilir.

1950-ci il iyulun 19-da Şəki şəhərində ziyalı ailəsində anadan olmuş Fəxrəddin Qədirov 1967-ci ildə orta məktəbdə təhsilini gümüş medalla sona çatdırmışdır. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirmişdir.1984-cü ildə geofizika üzrə fəlsəfə doktoru və 2002-ci ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrini, 2007-ci ildə isə geofizika ixtisası üzrə professor elmi adını almışdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.

F.Qədirov əmək fəaliyyətinə fizika müəllimi kimi başlamışdır. 1974-cü ildə AMEA Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) "Qravimetriya" laboratoriyasına işə qəbul edilmiş, 1989-2003–cü illər ərzində “Qravimetriya” laboratoriyasına, 2005-2007-ci illərdə “Geotektonika və Geodinamika”, 2008-ci ildən “Geodinamika və Seysmologiya” şöbəsinə rəhbərlik etmişdir. 2008-ci ildən “Yer Fizikası” seksiyasına, 2015-ci ildən “Geodinamika və kosmik geodeziya” şöbəsinə rəhbərlikedir. Eyni zamanda AMEA Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərən Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması Müqaviləsi Təşkilatının (CTBTO) Azərbaycan Milli Məlumat Mərkəzinin rəhbəridir.

F.Qədirov Azərbaycan Milli Elmlər Akademiyasının Türkiyə Cümhuriyyəti Öyrətim Kurulu ilə imzaladığı qarşılıqlı elmi əlaqələr protokolu çərçivəsində 1992-1995-ci illərdə Atatürk universiteti “Zəlzlələ Araşdırma Mərkəzində”, 1996-1998-ci illərdə isə Qara dəniz Texniki Universitetinin “Geofizika Mühəndisliyi” bölümündə professor vəzifəsində çalışmışdır.

İstedadlı alim 2013-2019-cu illər arasında AMEA Rəyasət Heyətinin üzvü və Yer Elmləri Bölməsinin akademik katibi olmüşdur. Hazırda o, AMEA Yer Elmlər Bölməsi Elmi Şurasının sədr müavinidir. F.Qədirov AMEA RH qərarı ilə 2020-ci ildən Neft və Qaz institutuna direktor təyin edilmişdir.

F.Qədirov 2000-ci və 2001-ci illərdə Massaçusets Texnologiyalar İnstitutunda elmi ezamiyyətdə olmuş GPS texnologiyasını öyrənərək ilk dəfə bu texnologiyanı plitə tektonikası konsepsiyası çərçivəsində Qafqaz–Xəzər regionunun geodinamik və kinematik şəraitini, neftli-qazlı sahələrin və enerji koridorlarının geodinamik təhlükəsizliyinin öyrənilməsinə tətbiq etmişdir.

Alimin elmi fəaliyyətinin əsas istiqamətini geofiziki sahələrin ədədi analizi və məkan-zaman paylanma qanunauyğunluğunun öyrənilməsi, Qafqaz-Xəzər regionunun Yer qabığı müasir hərəkətlərinin GPS monitorinqi, müasir kinematikası, dərinlik quruluşunun modelləşdirilməsi, zəlzələlərin və qırılmaların fraktal və statistik metodlarla tədqiqi təşkil edir. O, Qafqaz plitəsinin mövcudluğunu və saat əqrəbinin əksi istiqamətində dönməsini və Azərbaycan ərazisinin plitə tektonikası konsepsiyasına əsaslanan yeni geodinamik modelini təklif etmişdir. Qravimetrik müşahidələrin təhlili əsasında güclü zəlzələdən əvvəl qravitasiya sahəsinin qabaran variasiyalarında fluktuasiyaların meydana gəlməsini göstərmişdir. Akademik İbrahim Quliyevlə birlikdə Azərbaycanın neftli-qazlı ərazilərinin çöküntü təbəqələrindəki qravitasiya tarazlığı proseslərini nəzəri olaraq öyrənmiş və flüidlər miqrasiyasının konveksiya və palçıq vulkanlarının aktivləşmə modelini işləmişdir.

Akademik Fəxrəddin Qədirov 250-dən çox elmi məqalənin, o cümlədən rus dilində nəşr olunan “Azərbaycanın qravitasiya sahəsi və dərinlik quruluşunun modeli” monoqrafiyasının müəllifi, “Геология Азербайджана”, IV, V və VII cildlərinin, ingilis dilində “Hydrocarbon systems of the South Caspian Basin”, Springer nəşriyyatında nəşr olunan iki cildlik “Geosciences of Azerbaijan“ və s. kitabların, Xəzər regionunun qravitasiya xəritəsinin həmmüəllifidir. Tanınmış beynəlxalq jurnallarda əsərlərinə çox sayda istinad olunur. Onun rəhbərliyi altında geofizika üzrə 14 fəlsəfə doktoru və 2 elmlər doktoru hazırlanmışdır. O, BDU-nun geologiya fakültəsinin “Seysmologiya və Yer təkinin fizikası” kafedrasının professoru və AMEA-nın Geologiya və Geofizika İnstitutundakı filialının rəhbəri, Avropa Geoloq Alim və Mühəndislər Assosiasiyasının (EAGE), Amerika Neftçi-Geoloqlar Assosiasiyasının (AAPG), Amerika Geofizika İttifaqının (AGU), Avropa Yer Elmləri İttifaqının (EGU) və Azərbaycan Geofizika Cəmiyyətinin üzvüdür. Eyni zamanda AMEA-nın “ANAS Transactions, Earth Sciences” jurnalının redaktor müavini, “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri”, TC Pamukkale Üniversitesi “Mühendislik Bilimleri Dergisi” məcmuələrinin redaksiya heyətinin üzvü və Avropa “Geophysical Prospecting” və “Geodynamics” və s. elmi jurnallarının rəyçi ekspertidir. 2009-cu ildən Beynəlxalq Geodeziya və Geofizika İttifaqı (İUGG) nəzdindəki Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin (AMGGK) Beynəlxalq Geodeziya Assosiasiyasının, Elmlər Akademiyalarının Beynəlxalq İttifaqının (MAAN) Azərbaycan üzrə “Geodeziya və Geofizika” Elmi şurasının rəhbəridir.

F.Qədirov bir çox beynəlxalq konsorsiumlarda da layihə rəhbəri olmuş, dəfələrlə ABŞ və Avropada keçirilən beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxış etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti yanında EİF-nin, SOCAR Elm Fondunun, ABŞ Milli Elm Fondunun NSF, CRDF, STCU və EAGE təşkilatlarının elmi qrantlarına layiq görülmüşdür.

Zəhmətkeş alim Fəxrəddin Qədirov 2010-cu ildə AMEA-nın Fəxri Fərmanı, 2015-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Yubileyini qeyd etdiyimiz, yüksək insani dəyərlərə və tükənməz elmi ideya potensialına malik vətənsevər akademik Fəxrəddin Qədirov bu gün də elmi axtarışlarına davam edir.

AMEA Geologiya və Geofizika İnstitutunun rəhbərliyi və kollektivi akademik Fəxrəddin Qədirovu 70 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və gələcək elmi, pedaqoji və ictimai fəaliyyətində uğurlar arzulayır.