Xəbərlər


AMEA GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN MAGİSTRLİK DİSSERTASİYANIN ONLAYN MÜDAFİƏSİ KEÇİRİLİB

 
25 iyun 2020-ci il

AMEA Geologiya və Geofizika İnstitutunun “Geofizika mühəndisliyi” üzrə magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şurasında magistr dissertasiyasının onlayn müdafiəsi keçirilib.

İlk olaraq, “Geofizika mühəndisliyi” komissiyanın onlayn iclasını komissiyanın sədri y.e.d., dosent Qulam Babayev giriş sözü ilə açaraq iştirakçıları gündəliklə tanış edib.

AMEA Geologiya və Geofizika İnstitutunun magistraturasına 2018-ci il 060604 - “Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları” ixtisası üzrə qəbul olunmuş “Müasir geodinamika və kosmik geodeziya” şöbəsinin böyük laborantı Xublar Fətəliyeva “Qravitasiya sahəsinin zamana görə dəyişməsi və dövrülüyün təhlili (Şəki Qravitasiya stansiyası timsalında) mövzusunda dissertasiya işini komissiyanın iclasında təqdim edib. Bildirib ki, tədqiqatdan məqsəd Şəki qravitasiya stansiyası məlumatlarından istifadə edərək Yerin qravitasiya sahəsinin qabarma variasiyalarının tədqiqi əsasında Böyük Qafqazın cənub yamacı üçün Yer qabığında baş verən şaquli deformasiyaların öyrənilməsidir. Şəki ərazisində Yer qabığının şaquli qabarma deformasiyalarının öyrənilməsi yerüstü nivelirləmədə, yüksək dəqiqlikli qravimetrik işlərdə, neft-qaz və su borularının çəkilməsi kimi inşaat işlərində olduqca böyük təcrübi əhəmiyyətə malikdir. Təqdiqat rayonu ərazisində sutkalıq və yarımsutkalıq əsas qabarma dalğalarının O1, M2, S2, K1 təyin edilməsi, Şəki ərazisində Yer qabığının şaquli qabarma deformasiyalarının qiymətləndirilməsi, qabarma dalğalarının parametrlərinin təhlili nəticəsində qalıq qabarmaların əldə edilməsi əsaslandırılıb.

Dissertasiya işi Geologiya və Geofizika İnstitutunun “Müasir geodinamika və kosmik geodeziya” y.e.f.d., dosent Rafiq Səfərovun rəhbərliyi ilə yerinə yetirilib.

Məruzədən sonra X. Fətəliyeva “Geofizika mühəndisliyi” komissiyanın üzvlərinin suallarını cavablandırıb.

Sonda komissiyanın geniş müzakirəsi nəticəsində qərara alındı ki, “Qravitasiya sahəsinin zamana görə dəyişməsi və dövrülüyün təhlili (Şəki Qravitasiya stansiyası timsalında)” mövzusunda dissertasiya işinin müdafiəsi 92 balla qiymətləndirilsin.