Xəbərlər


GGİ-DƏ “AZƏRBAYCANIN PALEONTOLOJİ ATLASI” HAZIRLANIR


 3 fevral 2020-ci il

Geologiya və Geofizika İnstitutunda müasir dizayn və illüstrasiya standartlarına cavab verən “Azərbaycanın paleontoloji atlası”nın tərtib olunması üçün fundamental elmi işlərə başlanılıb. Nəzərdə tutulan atlasda Azərbaycan Respublikasının fauna və florasının müasir öyrənilmə dərəcəsi və stratiqrafik cəhətdən əhəmiyyətli olan qazıntı orqanizm qruplarının tərkibi haqqında məlumatlar əks olunacaq.

Ötən yüzilliyin əvvələrindən başlayaraq AMEA Geologiya və Geofizika İnstitutunun “Paleontologiya” şöbəsində Azərbaycanın əhəmiyyətli qazıntı qrupları kompleks şəkildə öyrənilir. Əldə olunan məlumatlara əsasən paleontologiyaya aid çoxsaylı işlər dərc olunmuşdur və Devondan Holosenədək yaş dövrünü əhatə edən qazıntı orqanizmlərinin kolleksiyası Həsən bəy Zərdabi adına Milli Təbiət Tarixi Muzeyində və AMEA Geologiya və Geofizika İnstitutunda saxlanılır.

Uzun illər ərzində toplanmış zəngin paleontoloji materiallara əsasən “Paleontoloji atlas”ın üç cilddə nəşr olunması nəzərdə tutulur.

Birinci cild Azərbaycanın onurğasızlar faunasına (molyusklar, braxiopodlar, krinoideyalar, mikrofauna, mərcanlar və s.) həsr olunacaq.

İkinci cild Azərbaycanın onurğalılar faunasını (hipporion fauna, məməlilər, sürünənlər, quşlar və s.) əhatə edəcək.

Üçüncü cilddə Azərbaycanın paleofloristik tədqiqatlarının nəticələri (yarpaq flora, bitkilərin spor-tozcuğu, diatomlar, dinosistlər, nanoplankton və s.) yer alacaq.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]