Xəbərlər


GGİ ƏMƏKDAŞLARI OTMANBOZDAĞ VULKANININ TƏHLÜKƏ RİSKİNİ TƏDQİQ EDİBLƏR


27 yanvar 2020-ci il

Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin mütəxəssisləri Qaradağ rayonunda yerləşən Azərbaycanın ən iri və aktiv palçıq vulkanlarından olan Otmanbozdağ vulkanının təhlükə riskini müqavilə əsasında tədqiq ediblər.

Vulkanın 2017 və 2018-ci illərdə iki fazalı püskürməsi qeydə alınaraq sonuncu paroksizm daha dağıdıcı olmaqla, vulkan sahəsində yerləşən “Norm” MMC-yə məxsus qazpaylayıcı stansiya üçün təhlükə riskini formalaşdırıb. Bununla bağlı “Norm” MMC-nin müraciəti əsasında İnstitutla müqavilə imzanlanmış, “Palçıq vulkanizmi” şöbəsinin əməkdaşları tərəfindən həmin vulkan sahəsində tədqiqat işləri aparılıb.

Müqavilə üzrə görülən işlər nəticəsində Otmanbozdağın yerləşdiyi sahənin gərginlik vəziyyəti qiymətləndirilib, yer qabığının, eləcə də tektonik dislokasiyaların hərəkət istiqamətləri müəyyən edilib. Paroksizm nəticəsində xaric olunan palçığın axma sürəti hesablanıb, şərq və qərb eruptiv mərkəzlərindən tullanan brekçiyanın potensial axma istiqamətləri üçün qanunauyğunluq müəyyənləşdirilib, həmçinin onların maksimal hərəkət sərhədləri göstərilib. Kompleks tədqiqat nəticələrinin emalı əsasında potensial risk qiymətləndirilib və qazpaylayıcı stansiyanın yerinin dəyişdirilməsi tövsiyə olunub.

Azərbaycan və ingilis dilində hazırlanmış elmi hesabatlar “Norm” MMC tərəfindən qəbul edilib və yüksək qiymətləndirilib.











GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]