Xəbərlər


GGİ ALİMLƏRİNİN İKİCİLDLİK MONOQRAFİYASI MOSKVADA NƏŞR EDİLMİŞDİR


15 yanvar 2020-ci il

Alimlərimizin hazırladıqları “Azərbaycanın məhsuldar qatı” (“Продуктивная толща Азербайджана”) monoqrafiyası Moskvanın “Nedra” Nəşriyyat Evində çapdan çıxmışdır.

İkicildliyin müəllifləri akademiklər Akif Əlizadə,İbrahim Quliyev, Pərviz Məmmədov, Əkbər Feyzullayev, AMEA-nın müxbir üzvləri Elmira Əliyeva və Dadaş Hüseynovdur.
22 fəsildən ibarət monoqrafiyada bir neçə nəsil Azərbaycan geoloqlarının klassik təsdqiqatlarının nəticələri və yeni informasiyalar, həmçinin AMEA, Azərbaycan Dövlət Neft Şİrkəti, Azərbaycan Dövlət Neft Akademiyasının alim və mütəxəssislərinin elmi işlərinin nəticələri əsas götürülmüşdür. Müəlliflər yer qatının tədqiqi üçün çoxsahəli yanaşmalardan istifadə etmiş, geoloqlara, karbohidrogen sahəsində çalışan mütəxəssislərə, alimlərə və tələbələrə fayda verəcək samballı bir əsər ortaya qoymuşlar.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kitabxanasında elmi əsərin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə kitabxananın direktoru Səlahət Mahmudova, monoqrafiyanın müəlliflərindən akademiklər Pərviz Məmmədov və Əkbər Feyzullayev, ADNSU-nun professor-müəllim heyətinin və tələbə kollektivinin nümayəndələri iştirak etmişlər.

Müəlliflər monoqrafiyanın hazırlanması prosesindən, gələcək neftçi nəslinə verəcəyi faydadan danışmış, sualları cavablandırmışlar. Həmçinin məlumat verilmişdir ki, monorafiyan Azərbaycan və ingilis versiyası da hazırlanır.