Xəbərlər


AMEA GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN İLLİK HESABATI DİNLƏNİLİB


26 dekabr 2019-cu il

Dekabrın 26-da AMEA-nın Yer Elmləri Bölməsi, Geologiya və Geofizika İnstitutu və Təbiət Tarixi Muzeyinin birgə iclası keçirilib.

Tədbiri giriş sözü ilə Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov açaraq gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirib ki, bugünkü iclasda Geologiya və Geofizika İnstitutu və Təbiət Tarixi Muzeyinin 2019-cu il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatları dinləniləcək. Bundan başqa, Geologiya və Geofizika İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi və həmin institutun əməkdaşlarının mühüm elmi nailiyyətlərinin Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına təqdim olunması məsələləri müzakirə ediləcək.

Daha sonra Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov qurumun cari ildəki hesabatını təqdim edib. Bildirib ki, hesabat ilində institutda elmi tədqiqatlar 10 mövzu və 14 elmi-tədqiqat işini əhatə etməklə 3 problem üzrə aparılıb. Həmçinin cari ildə müəssisədə təsərrüfat müqaviləsi əsasında 2 elmi-tədqiqat işi yerinə yetirilib.

2019-cu ildə institutda reallaşan beynəlxalq elmi əlaqələrin uğurlu olduğunu deyən D.Hüseynov AMEA ilə İtaliyanın Milli Tədqiqat Şurası arasında imzalanmış ikitərəfli elmi əməkdaşlıq haqqında müqavilə çərçivəsində “Mingəçevir ərazisində (Azərbaycan) su anbarından yaranan yönəldilmiş seysmik effektin tədqiqi və seysmik təhlükənin qiymətləndirilməsi” mövzusunda layihə üzrə elmi-tədqiqat işlərinin davam etdirildiyini bildirib. Qeyd edib ki, Geologiya və Geofizika İnstitutu ilə ABŞ-ın Miçiqan Universiteti arasında imzalanmış memorandum çərçivəsində isə “Böyük Qafqaz ərazisində subduksiyadan kolliziyaya keçid nəzəriyyəsinin struktur, termoxronoloji və mənşə baxımından öyrənilməsi” layihəsi üzrə tədqiqatlar aparılıb. Eyni zamanda, bu il institutun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Rusiya Elmlər Akademiyasının Geologiya İnstitutunun alimləri və Ukrayna Milli Elmlər Akademiyasının Dəniz geologiyası, geoekologiyası və çökmə filizəmələgəlməsi problemləri mərkəzinin mütəxəssisləri ilə birgə palçıq vulkanları ilə bağlı araşdırmalarını davam etdiriblər.

Direktor müavini beynəlxalq laboratoriyalar, patentlər, yeni qrant layihələrinin hazırlanması istiqamətində görülən işlər və kadr hazırlığı barədə də məlumat verib.

Sonra akademik Fəxrəddin Qədirovun təklifi ilə iclasda qərara alındı ki, “Azərbaycanın geologiyası və faydalı qazıntıları” problemi üzrə fundamental tədqiqatlar olan elmi əsərlər silsiləsi - “Геология Азербайджана” (8 cild), “Azərbaycanın geologiyası” (3 cild), “Geosciences of Azerbaijan” (2 cild), “Продуктивная толща Азербайджана” (2 cild), “Azərbaycan mineralları”, “Атлас грязевых вулканов мира”, “Атлас рудных месторождений Азербайджана”Azərbaycan Respublikasının Elm, Texnika, Memarlıq, Mədəniyyət və Ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına təqdim edilsin.

Sonra Təbiət Tarixi Muzeyinin direktoru, bilogiya üzrə fəlsəfə doktoru Tariel Eybatov qurumun hesabatını təqdim edib. Bildirib ki, hesabat ilində Binəqədi ərazisində dördüncü dövrə aid flora və fauna nümunələri aşkar edilərək tədqiqata cəlb edilib. Həmçinin Mingəçevir ərazisində Azərbaycan üçün yeni növ heyvan fraqmentləri aşkar edilib, Xəzər suitilərinin yaşayış tərzinə aid tədqiqat işləri konkretləşdirilib.

Məruzəçi son zamanlar muzeyə gələn əcnəbi turistlərin və məktəblilərin sayının artdığını deyib. O, muzeyin yeni binasının inşasının planlaşdırıldığını diqqətə çatdırıb.

Hesabatlar dinlənildikdən sonra müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb. Müzakirələrdə akademiklər Akif Əlizadə, Vasif Babazadə, Hətəm Quliyev və digərləri iştirak ediblər.

Müzakirələrdən sonra hər iki müəssisənin hesabatı qəbul olunub.

Sonda bir sıra cari məsələlərə baxılıb.



















GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]