Xəbərlər


XƏZƏR-QAFQAZ SEQMENTİNİN GEODİNAMİK VƏ MAQMATİZM TƏKÜMÜLÜNƏ HƏSR EDİLMİŞ MONOQRAFİYA ÇAPDAN ÇIXIB


 5 dekabr 2019-cu il

Geologiya və Geofizika İnstitutunda “Nafta-Press” nəşriyyatı tərəfindən geologiya-mineralogiya elmləri doktoru Muxtar Rüstəmovun müəllifliyi ilə AMEA-nın 75 illik yubileyinə həsr olunmuş “Aralıq dənizi qurşağının Xəzər-Qafqaz seqmentinin fanerozoy geodinamikası və maqmatizmi” adlı 544 səhifəlik fundamental monoqrafiya çap olunub. Əsərin tədqiqat obyektlərinə dair ayrı-ayrı dövrlərlə və yaxud tektonik bölgələrlə əlaqədar Rusiya, Gürcüstan və Azərbaycanın elmi jurnallarında azsaylı məqalələrin nəşr olunmasına baxmayaraq, sözügedən monoqrafiya fanerozoy dövrünün 500 mln. illik tarixində Xəzər-Qafqaz seqmentində geodinamik və maqmatizm prosseslərinin qarşılıqlı əlaqəsinə və təkamülünə həsr olunmuş yeganə əhatəli əsərdir.

Litosfer plitələr nəzəriyyəsinə uyğun olaraq keçən əsrin sonlarından başlayaraq geodinamika sahəsi müasir geologiya elmində ən mürəkkəb, vacib və mütərəqqi elmi istiqaməti təşkil edir. Elmi mürəkkəblik ondan irəli gəlir ki, geodinamik prosseslərin aşkar olunması və araşdırılması geologiya elminin tamamilə bütün sahələrinə söykənməklə yanaşı, mexanika və tektonofizika sahələrində də istifadə olunması tövsiyə olunur. Digər tərəfdən, monoqrafiyada geodinamika və maqmatizm prosseslərində qarşılıqlı əlaqənin aşkar olunması ilə müxtəlif petrokimyəvi seriyalı effuziv və intruziv komplekslərin zaman və məkan daxilində təzahürlərinin qanunauyğunluğu izah olunur və bununla əlaqədar regionun mürəkkəb spektrdə metallogeniyasının problem məsələləri elmi əsaslar üzərində öz həllini tapır.

Aşkar edilmişdir ki, Xəzər-Qafqaz seqmentinin geoloji tarixi hersin, kimmeri və alp tektogenezlərində baş vermiş təkamüllə əlaqədar olmuş, Paleotetisdə, Mezotetisdə və Neotetisdə geodinamik prosseslər ciddi nizamlılıq şəraitində inkişafa məruz qalmışdır. Müxtəlif məsələlərin həllinə yeni konsepsiya baxımından yanaşma ilə yox olmuş dərya və dəryavari qatlı dərin hövzələrin yaranmasının, formalaşmasının və bağlanmasının geodinamikasının kinematikası, pleyttektonik zonalarının tipləri və təkamülü, həmçinin ofiolitlərin kökləri, paleogen vulkan-plutonik maqmatizminin subduksiya ilə əlaqədar olmaması və s. yeni aşkar olunan dəlillərlə isbat olunur.

Çoxşaxəli məlumatların təhlili və araşdırılmasından aydın olur ki, Cənub Xəzər meqaçökəkliyində spredinqlə əlaqədar okean qatı mezokaynozoyda heç vaxt yaranmayıb. Geofiziki parametirlərinə görə bazalt qatına uyğun konsolidasiya məruz qalmış təbaşir yaşlı riftogen subqələvi bazalt vulkanizminin lava-piroklastik örtükləri bəzən orbitolinli əhəngdaşları ilə növbələşmədən təşkil olunmuşdur.

Fundamental əsərin sonuncu fəsli geodinamika və maqmatizmin qarşılıqlı əlaqədə hərtərəfli tədqiqatının elmi-tətbiqi əhəmiyyətinə həsr edilmişdir.




GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]