Xəbərlər


AHİ-nin İCLASINDA AKADEMİYA ƏMƏKDAŞLARINA PAYLANILMIŞ TORPAQ SAHƏLƏRINDƏN İSTİFADƏ MƏSƏLƏSİNƏ DƏ TOXUNULUB


 14 oktyabr 2019-cu il

Geologiya və Geofizika İnstitutunda AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) Məclisinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA İşlər İdarəsinin müdir müavini Sərdar Əliyev, AHİ-nin Məclis üzvləri, akademiyanın elmi müəssisə və təşkilatlarının ümumi işlər üzrə direktor müavinləri və həmkarlar təşkilatlarının sədrləri iştirak ediblər.

Əvvəlcə görkəmli şərqşünas alim, Bakı Dövlət Universitetinin kafedra müdiri, akademik Vasim Məmmədəliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İclası AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.

İclasda müxtəlif məsələlərlə yanaşı Xızı Dayaq Məntəqəsində akademiya əməkdaşlarına paylanılmış torpaq sahələrindən istifadə məsələsinə də toxunulub. Bu barədə AMEA İşlər İdarəsinin müdir müavini Sərdar Əliyev çıxış edərək nəzarətin gücləndirilməsinin vacib olduğunu diqqətə çatdirib. Bildirib ki, akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və səmərəli istirahətinin təşkili məqsədi ilə AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansından torpaq sahəsi ayrılıb. Burada işlər ərazidə aparılan işlərin Rəyasət Heyətinin iclasında təsdiqlənmiş "AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları" haqqında sənədə əsasən həyata keçirilir. Ötən müddət ərzində ərazidə xəritələnmə işləri aparılaraq torpaqlar paylanılıb, giriş yolu salınıb, su quyuları qazılıb, müəyyən hasarlanma işləri həyata keçirilib. Hazırda ərazidə relyefə uyğun ağacların əkilməsi planlaşdırılır.

S.Əliyev mövcud çatışmazlıqlardan da bəhs edərək, elmi müəssisə və təşkilatların ümumi işlər üzrə direktor müavinlərini problemlərin həllinə dəstək verməyə çağırıb.

Xatırladaq ki, Xızı Dayaq Məntəqəsində Geologiya və Geofizika İnstitutunun 22 əməkdaşının hər birinə 10 sot torpaq sahəsi ayrılıb.





GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]