Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI


27 sentyabr 2019-cu il

Geologiya və Geofizika İnstitutu (GGİ) Elmi şurasının növbəti iclası keçirilib. Tədbiri giriş sözü ilə açan GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov iştirakçıları gündəliklə tanış edib.

İlk olaraq İnstitut əməkdaşlarına Avrasiya patent şəhadətnaməsi təqdim olunub. Bu sənəd GGİ alimləri Dadaş Hüseynov, Mirəli Alosmanov, Vaqif Məmmədov,Əkbər Feyzullazyev və Çingiz Əliyevin “Məişət tullantılarından gübrə hazırlanması üsulları” elmi təklifinə görə verilib.

Şurada sonra g.-m.e.d., prof. Adil Əliyev, g.-m.f.d.və dosent Orxan Abbasovun “Azərbaycanın orta eosen yaşlı yanar şistlərinin mineralogiya və geokimyasına dair yeni məlumatlar və onların əmələgəlmə şəraiti” elmi məruzəsi dinlənilib.

Məruzə müəllifləri tərəfindən Şamaxı-Qobustan rayonunun və Abşeron yarımadasının palçıq vulkanlarının tullantılarından və yerüstü açılışlarından götürülən yanar şistlərin mineraloji və kimyəvi tərkiblərini nəzərə almaqla Rusiyanın, Estoniyanın, ABŞ-ın və s. yanar şistlərilə müqayisəli təhlili aparılmış, şistli süxurlarda elementlərin paylanma xüsusiyyətləri araşdırılıb,element tərkibilə əlaqəli diaqramların nəticələrinə istinadən yetkinlik və paleoaşınma xüsusiyyətləri müəyyənləşdirilib, şistlərin paleotektonik əmələgəlmə şəraitləri mütərəqqi yanaşmaların istifadəsilə tədqiq edilib.

Maraqlı məruzə ətrafında çıxışlar olub və çoxsaylı suallar cavablandırılıb.

Tədbirdə daha sonra elmi-təşkilati və digər müxtəlif məsələlər müzakirə edilib.











GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]