Xəbərlər


YER ELMLƏRİ BÖLMƏSİNİN iCLASINDA BİR SIRA MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNUB


4 mart 2019-cu il

AMEA-nın Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin iclası keçirilib.

Tədbiri bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.
İlk olaraq akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsinə seçkilərin keçirilməsi məsələsinə baxılıb. Bölmə üzvlərinin təklifləri müzakirə edilib və seçki keçirilib. Səsvermənin nəticələrinə görə akademik Ramiz Məmmədov yenidən Coğrafiya İnstitutunun direktoru vəzifəsinə seçilib. Seçkinin nəticəsinin təsdiq üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

İclasda Yer Elmləri Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında Rəyasət Heyətinin qərarına əsasən “AMEA-nın xəbərləri” (Yer elmləri seriyası) jurnalının nəşrinin təkmilləşdirilməsi və “Web of Science”, “Scopus” elmi bazalarına daxil edilməsi istiqamətində görülən işlər müzakirə olunub.

F.Qədirov bildirib ki, jurnalın bugünkü vəziyyəti araşdırılıb, dünyada elmi jurnallara qoyulan tələblər müəyyənləşdirilib, müqayisəli təhlillər aparılıb və nəşr müasir tələblərə uyğunlaşdırılıb.

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, jurnalın baş redaktorunun müavini Qulam Babayev jurnalın adının “ANAS Transactions Earth Sciense” olaraq dəyişilməsinin məqsədəuyğun olduğunu qeyd edib. O bildirib ki, jurnal artıq “Web of Science” və “Scopus” elmi bazalarına daxil edilib. Alim jurnalda geologiya, geofizika, coğrafiya, həmçinin neft və qaz yataqlarının işlənilməsi sahəsində orijinal nəzəri və eksperimental tədqiqatların nəticələrini əks etdirən məqalələrin dərc olunacağını vurğulayıb.

Q.Babayev jurnalın beynəlxalq standartlara uyğunlaşdırılmasından, redaksiya heyətindən və çap olunacaq məqalələr üçün müəyyən olunan tələblərdən danışıb.

Diqqətə çatdırıb ki, jurnal haqqında ətraflı məlumatı “http://journalesgia.com/az” saytından öyrənmək olar.

Daha sonra yığıncaqda təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

İclasda həmçinin bir sıra cari məsələlərə baxılıb.
 








GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]