Xəbərlər


GGİ-də “GEOLOGİYA GÜNLƏRİ” ADLI LAYİHƏYƏ START VERİLİB


18 fevral 2019-cu il

Geologiya və Geofizika İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye və Bakı Dövlət universitetləri, həmçinin digər təhsil ocaqlarının geoloq tələbə və magistrlərindən ibarət geniş auditoriyada “Geologiya günləri” adlı seminar-təlim başlayıb. Tədbir Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi olmuş layihə çərçivəsində reallaşmaqla dörd gün davam edəcək. Layihənin rəhbəri İnstitutun II kurs magistri, gənc mütəxəssis Yusif Əliyevdir.

Sözügedən fondun tam maliyyə dəstəyilə təşkil olunan layihəyə təşkilati dəstək İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən verilmişdir.

Tədbiri giriş nitqi ilə açan Yusif Əliyev gənclərin geologiya ilə bağlı biliklərinin inkişaf etdirilməsi, onların geoloji tədqiqatlarda istifadə olunan mütərəqqi yanaşma və metodologiyalarla tanış edilməsi, həmçinin çöl-tədqiqat işlərində müəyyən vərdişlərin formalaşdırılması kimi məqsədləri ehtiva edən layihəsi haqqında geniş məlumat verib. Gənc mütəxəssis bildirib ki, elmi-istehsalat müəsissələrində çalışan alim-mütəxəssislər tərəfindən layihə iştirakçıları üçün geologiyanın müasir prioritetlərinə həsr olunan seminar və təlimlərin keçrilməsi, palçıq vulkanlarına elmi-ekspedisiyanın təşkil və s. nəzərdə tutulub.

Daha sonra AMEA-nın Magistratura şöbəsinin rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, BDU-nun “Geologiya fakültəsi”nin müəllimi İlqar Quliyev və s. sözügüdən layihə haqqında təəssüratlarını bölüşüblər.

Seminar-təlim işini SOCAR-ın əməkdaşı, yer elmləri üzrə fəlsəfə doktoru Elvin Əhmədovun “Neft-qaz yataqlarında tektonik qırılmaların xarakterinin dəqiqləşdirilməsinə yeni yanaşma” adlı seminar mövzusunun təqdimatı ilə davam etdirmişdir.





GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]