Xəbərlər


GGİ əməkdaşinin “FOTO VƏ SÖZ” kitabı ictimaiyyətə təqdim olunub


17 dekabr 2018 -ci il
 
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, yazıçı, jurnalist, fotoqraf Şirməmməd Nəzərlinin “Foto və söz” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli təqdimatı keçirilən kitabın fotojurnalistika sənətinin öyrənilməsində əhəmiyyətindən danışıb. Bildirib ki, vəsaitdə müəllif sözlə fotonun vəhdətini jurnalistika nəzəriyyəsi və öz təcrübəsi əsasında çəkdiyi şəkillər vasitəsilə təqdim edir. Kitab gələcəyin jurnalistləri, foto həvəskarları, peşəkar fotoqraflar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

“525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, “Xalq qəzeti”nin əməkdaşı, Əməkdar jurnalist Tahir Aydınoğlu, Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğlu və başqaları çıxış edərək nəşrlə bağlı fikirlərini bölüşüblər.

Qeyd edilib ki, kitabda fotoqrafiyanın tarixi, inkişaf mərhələləri, dünyada fotoaparat istehsalı, fotonun həm də əmtəə kimi rolu, Azərbaycanda fotoqrafiyanın inkişafında rol oynamış şəxslər, jurnalistika janrında fotoqrafiyanın rolu və yeri, redaksiyalarda fotoya münasibət və digər məsələlər yer alıb. Müəllif öz təcrübəsi əsasında və təqdim etdiyi özəl fotoların timsalında gələcək fotojurnalistlərə tövsiyələr verir. Şirməmməd Nəzərli öz təcrübəsinə, dünya foto ustalarının irsinə, tanınmış fotojurnalistlərin əməyinə istinadla fotoqrafiyada sözün rolunu qabartmaq yollarını aydınlaşdırır. O, bir müəllifin digər yaradıcılıq sahələrinə yönələ biləcəyini əyani misallarla, yəni öz bədii yaradıcılığı timsalında göstərir. Həmçinin reportaj, portret, mənzərə və digər foto janrlarından bəhs edərkən özünün çəkdiyi foto nümunələrini əyani vəsait qismində təqdim edir.
Sonda çıxış edən müəllif tədbirin iştirakçılarına təşəkkürünü bildirib.



science.gov.az