Xəbərlər


AZƏRGOLD VƏ AMEA ARASINDA ƏMƏKDAŞLIQ MÜZAKİRƏ EDİLİB


4 dekabr 2018- ci il
 

AzərGold QSC-nın inzibati binasında səhmdar cəmiyyəti nümayəndələrinin, geoloqlar dəstəsinin, AMEA alimlərinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi nümayəndələrinin görüşü keçirilib.

AzərGold QSC İdarə Heyətinin sədri Zakir İbrahimov iclası açaraq ölkənin hərtərəfli inkişafı haqqında danışaraq yeni sənaye sahələrinin və dağ-mədən sənayesinin inkişafının vacibliyini qeyd edib. Z. İbrahimov dağ-mədən sahəsində elmin əhəmiyyətindən danışanda AzərGold QSC –nın istehsaldakı müvəffəqiyyətində AMEA-nın köməyini xüsusi qeyd edib.

Tədbir çərçivəsində GGİ-nin akademiki Arif İsmayılzadə “Kiçik Qafqazın tərkibində qızıl olan filiz yataqlarının təsnifatı” mövzusunda təqdimatla çıxış edərək, iştirakçılara tərkibində qızıl olan filiz yataqları və onların perspektivlərindən məlumat verib.

Görüş yeni innovasiya texnologiya və yeni yanaşmaların tətbiqinin, həmçinin əməkdaşlığın müxtəlif istiqamətlərinin geniş müzakirəsi ilə davam edib.
Qeyd edək ki, AzərGold QSC-nin və AMEA-nın 2016-cı ilin noyabrında imzaladıqları memorandum Azərbaycanda yerləşən yataqların geoloji və geofiziki tədqiqatını, digər geoloji məsələlərin öyrənilməsi və gözdən keçirilməsi, innovasiya layihələrinin həyata keçirilməsini əhatə edir.

Memorandum çərçivəsində imzalanmış müqaviləyə əsasən GGİ-nin alim və mütəxəssisləri AzərGold QSC tərəfindən ekspert kimi işə cəlb olunaraq Çovdar yatağında (Daşkəsən rayonu) sulfidli filizlərin tədqiqində və onun texniki-iqtisadi əsaslandırılmasının hazırlığında, Filizçay polimetal yatağının ilkin qiymətləndirmə sənədinin tərtibində, Naxçıvan MR-in Ortakənd sahəsində kəşfiyyat işlərinin həyata keçirilməsində fəal iştirak ediblər.