Xəbərlər


RSXM-də ELMİ TEXNİKİ ŞURANIN İCLASI KEÇİRİLİB


27 noyabr 2018- cı il

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) seminar keçirilib.Tədbiri RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli giriş sözü ilə açaraq gündəliyi elan edib.

Seminarın gündəliyinə uyğun olaraq AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmlər doktoru Çingiz Əliyev "Azərbaycan ərazisində radonun paylanması və buna təsir edən faktorlar" mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi Azərbaycan ərazisində radonun səviyyəsinin öyrənilməsi istiqamətində aparılan işlər, əldə olunan nəticələr haqqında məlumatı konkret faktlarla diqqətə çatdırıb. Bildirilib ki, radon insan orqanizmi üçün olduqca təhlükəlidir və xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Abşeron yarımadası və eləcə də respublikanın ayrı-ayrı bölgələrində aparılan elmi tədqiqatlar nəticəsində qapalı yerlərdə radonun səviyyəsinin artdığı müşahidə edilib. Yarımadada son illər artım daha çox müşahidə edilməkdədir. Bunun da səbəbi bir çox hallarda tikinti işləri aparılarkən texnogen qaydalara əməl edilməməsidir. Digər tərəfdən isə alınmış nəticələr seysmik episentrlər xəritəsi ilə müqayisə edilib. Əldə olunmuş nəticəyə görə seysmik baxımdan aktiv olan və zəlzələ baş verən ərazilərdə radonun səviyyəsi də artır.

Maraqla dinlənilən məruzədə radonun insan orqanizminə təsiri, yaratdığı fəsadlar və digər məqamlara da toxunulub. Sonda məruzə ilə bağlı iştirakçıların şoxsaylı sualları cavablandırılıb.