Xəbərlər


MÜSTƏQİL TƏDQİQATÇI RONNİ QALLAHER GGİ-də ELMİ MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB


03 oktyabr 2018-ci il
 
BP-nin sabiq əməkdaşı, müstəqil tədqiqatçı Ronni Qallaher AMEA Geologiya və Geofizika İnstitutu (GGİ) alimləri qarşısında “Xəzərin sahil xətlərinin müşahidəsi, onlardan transqressiyaların və regional geomorfologiyanın, paleodrenaj və biomüxtəlifliyin rekonstruksiyasında indikatorlar qismində istifadə edilməsi” və “Azərbaycanın landşaftında antropomorfik imiclər və onların əhəmiyyəti” mövzularında mühazirə ilə çıxış edib.

GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov əcnəbi qonaq və onun tədqiqatlarının mövzusu barədə həmkarlarına məlumat verərək bildirib ki, təbiət tarixi və arxeologiya üzrə müstəqil tədqiqatçı olan Ronni Qallaher artıq 18 ildir ki, Azərbaycanın yer quruluşunu və Xəzər dənizinin inkişaf tarixini öyrənir.

R.Qallaherin elmi məruzəsində Xəzər dənizinin əsrlər əvvələ nisbətən hazırda xeyli geri çəkilməsinin səbəbləri barədə maraqlı mülahizələr səsləndirib. Eyni zamanda Xəzərin yaşayış sahələrini örtdüyü qədim zamanlarda yerli sakinlərin köç etmələri barədə məlumat verib.

Ronni Qallaherin elmi məruzəsi maraqla dinlənilib və çoxsaylı suallar cavablandırılıb.

Xatırladaq ki, alim 2010-cu ildə də GGİ-də elmi məruzə ilə çıxış edib və Qobustan qayalıqları üzərində balina, Arktika quşları, həmçinin dənizin Giləzi ərazisindəki 220 metr hündürlükdə su sərhədi barədə maraqlı məlumatlar verib.

GGİ-də məruzədən məqsəd alimlərlə elmi informasiya mübadiləsi, eləcə də birgə elmi tədqiqatların aparılması imkanlarını müəyyənləşdirmək olub.










GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]