Xəbərlər


GİA ALİMLƏRİ İTALYAN HƏMKARLARI İLƏ BİRGƏ ELMİ-TƏDQİQAT LAYİHƏSİNİ MÜZAKİRƏ EDİBLƏR

 
06 sentyabr, 2018-ci il

Azərbaycan Milli Elmlər Akademiyası ilə İtaliyanın Milli Tədqiqatlar Şurasının əməkdaşlığı çərçivəsində Geologiya və Geofizika institutunda elmi-tədqiqat layihəsinin müzakirəsi keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə İtaliya Milli Tədqiqatlar Şurasının (CNR) elmi əməkdaşlığı çərçivəsində 2017-ci ildə elan edilmiş müsabiqədə AMEA Geologiya və Geofizika İnstitutu və CNR Ətraf Mühitin Təhlili Metodologiyası İnstitutunun birlikdə hazırladığı “Mingəçevir (Azərbaycan) ərazisində su anbarında yaranan yönəldilmiş seysmik effektin tədqiqi və seysmik təhlükənin qiymətləndirilməsi” mövzusunda elmi-tədqiqat layihəsi qalib olub. Layihənin rəhbərləri AMEA-nın həqiqi üzvü Fəxrəddin Qədirov və professor Luciano Telescadır. Layihədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları da iştirak edir. Bu alim komandasının CNR layihələrinin icrası çərçivəsində impakt faktorlu jurnallarda 7 məqaləsi dərc edilib.

Hazırda Bakıda olan professor Luciano Telesca layihəyə dair aparılan elmi-tədqiqatların müzakirəsi üçün Geologiya və Geofizika İnstitutunda olmuşdur. Görüşdən məqsəd statistik və topoloji analiz məqsədilə istifadə edilməsi nəzərdə tutulan məlumatlar bazasının və birinci il üçün iş planının müzakirəsidir.

Məlumat bazasına daxil olmaqla 2013-cü ildən başlayaraq 2018- ci il də daxil olmaqla M≥2 olan zəlzələlərin kataloqu, Mingəçevir bəndi ətrafında yerləşən GPS və geofiziki stansiya məlumatlarının və Mingəçevir su anbarının su səviyyə dəyişmələrinin zaman ardıcıllıqları daxildir. Alimlər əvvəl Mingəçevir stansiyası ətrafında olan GPS stansiya məlumatlarının fraktal və spektral analizi nəticələini və gənc alimlər üçün yerin geofiziki sahələrinin monitorinqi ilə əldə edilən zaman ardıcıllıqlarının analiz və interpretasiya metodlarına dair İtaliyada keçirilməsi planlaşdırılan seminar planını müzakirə ediblər.

İtalyan alim GİA alimlərilə birgə elmi-tədqiqat layihəsinin müzakirələrində sentyabrın 11-nə kimi iştirak edəcək.





AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.

Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]