Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB


 4 may 2018-ci il

Geologiya və Geofizika İnstitutunda keçirilmiş Elmi şuranın iclasını İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, Dadaş Hüseynov açaraq iştirakçıları tədbirin gündəliyi ilə tanış edib. Sonra məruzə üçün sözü yer elmləri üzrə elmlər doktoru Qulam Babayevə verib.

Q.Babayev “Müasir metod və inteqral yanaşmalar əsasında Böyük Qafqazın cənub yamacında seysmik təhlükənin qiymətləndirilməsi” mövzusunda etdiyi elmi məruzədə diqqətə çatdırıb ki, çoxillik geodinaik və seysmik tədqiqatlar nəticəsində Böyük Qafqazın cənub yamacının seysmogen zonaları barəsində çox maraqlı elmi nəticələr alınıb. Burada güclü zəlzələlərdən əmələ gələn zəif zəlzələlərin müəyyən zaman ərzində baş verməsi, həmin ərazilərdə zəlzələlərin paylanma qanunauyğunluqlarının və ya qanunauyğunsuzluqlarının təyin olunması, seysmik proseslərin müşahidə edilməsi haqqında faktiki məlumatlar toplanıb. Alınmış nəticələr haqqında beynəlxalq konfrans və simpoziumlarda (EGU, SEC, IUGG və s.) məruzə edilib, nüfuzlu jurnal və toplularda məqalələr dərc olunub olunub.

Sonra Elmi şura üzvlərinin çoxsaylı sualları cavablandırılıb, məruzə ilə bağlı çıxışlar dinlənilib və y.e.ü.e.d., dosent Qulam Babayevin məruzəsi bəyənilib.

Elmi şurada həmçinin magistr dissertasiya işlərinin müdafiəyə təqdimatı keçirilib. Şura üzvləri Fatma Süleymanovanın “Abşeron arxipelaqının dib çöküntülərinin litostratiqrafiyası və mikrofaunası”, Nabat Qocayevanın “Abşeron yarımadasının sürüşmə hadisələri və neotektonik proseslərinin öyrənilməsi (aerokosmik və GPS tədqiqat məlumatları əsasında)” mövzusunda magistr dissertasiyasının ixtisaslaşdırılmış müdafiə şurasına təqdim edilməsini tövsiyə ediblər.

Elmi şurada eləcə də elmi-təşkilati məsələlər müzakirə edilib. Başa çatmış ETİ üzrə yekun hesabatların müzakirəsi keçirilib və digər cari məsələlərə baxılıb.















AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.

Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]