Xəbərlər


YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB


16 may, 2018

AMEA Geologiya və Geofizika İnstitutunda keçirilən ümumrespublika elmi seminarını İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov giriş sözü ilə açaraq məruzə üçün sözü g.- m.e.d. Namaz Yusubova (AMEA Neft və Qaz İnstitutu) verib.

Məruzəçi ümumi dərinlik nöqtəsi (ÜDN) üsulu ilə aparılmış regional miqyaslı seysmik işlərin nəticələri əsasında Azərbaycanın neftli-qazlı rayonlarının tektonikası barədə yeni məlumatlar təqdim edib. Təqdimatda bildirilib ki, Azərbaycan ərazisinin tektonikası haqqındakı bilgiləri özündə cəmləşdirmiş xəritələr dövri olaraq (1958, 1981, 1985, 2003 və s.), dərin qazma və geofiziki tədqiqat üsullarının tətbiqi ilə əldə edilmiş yeni məlumatlar əsasında dəqiqləşdirilmiş və onlar faydalı qazıntı yataqlarının aşkarlanması və istismara daxil edilməsi üzrə tədqiqatların elmi əsaslarla aparılmasına xidmət etmişdir.

1983-2015-ci illərdə seysmik kəşfiyyatın ÜDN üsulunun tətbiqi ilə yerinə yetirilmiş tədqiqatların nəticələrinin 2006-2015-ci illərdə qeydə alınmış seysmoloji məlumarlarla birgə təhlili göstərir ki, Azərbaycanın tektonik xəritələrində yer almış dərinlik qırılmalarının bir qismi məlumatların ÜDN interpretasiyası ilə öz təsdiqini tapmışdır.

Məruzənin yekunu olaraq bildirilib ki, Azərbaycan ərazisinin tektonik quruluşu haqqındakı məlumatlar Alp qırışıqlığı dövründən sonrakı morfostruktur və müasir seysmik məlumatların geoloji dəyərləndirilməsi əsasında və respublikanın müvafiq tədqiqat strukturlarının birgə səyi ilə yenidən öyrənilməlidir.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirələrlə sona çatıb.














AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.

Əlaqə: 050 370 88 44; (012) 539 39 62

[email protected]