Xəbərlər


AMEA-nın İKİ İNSTİTUTUNUN ALİMLƏRİ BİRGƏ LAYİHƏ REALLAŞDIRIRLAR


15 mart 2018-ci il
 
 AMEA Riyaziyyat və Mexanika İnstitutu Geologiya və Geofizika İnstitutu ilə birgə ölkənin mühüm sosial-iqtisadi, ictimai-mədəni məsələlərinin həllinə və onun müdafiə qüdrətinin artırılmasına yönəlmiş multidissiplinar elmi tədqiqat proqramları çərçivəsində tədqiqatlara başlayıb. Tədqiqatlardan əsas məqsəd respublikanın müxtəlif geoloji şəraitə malik rayonlarında yerləşən geofiziki stansiyaların məlumatlarının emal etməkdir.

İlk olaraq radon qazının qatılığı, temperatur, rütubət və təzyiqin bir-birindən asılılığının, radon qazının həcmi aktivliyinin qısa, orta və uzun müddətli davamlı variasiyalarının və digər aspektlərin müasir riyazi üsullarla emalı aparılır.

Bu məqsədlə mart ayının 13-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda alınan ilkin nəticələrin müzakirəsi keçirilib. Görüşdə Riyaziyyat və Mexanika İnstitutu direktoru Misir Mərdanov, İnstitutun əməkdaşlarından Rövşən Əliyev, Hilalə Cəfərova, Geologiya və Geofizika İnstitutu direktorunun elmi işlər üzrə müavini Dadaş Hüseynov, İnstitutun alimlərindən Əkbər Feyzullayev, Çingiz Əliyev və Rauf Bağırlı iştirak ediblər.

Toplantıda görülən işlərlə bağlı müzakirələr keçirilib, ilk elmi nəticələr müsbət qiymətləndirilib və təqdiqatların davamlı olacağı qənaəti təsdiqlənib. 





AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
050 370 88 44; (012) 539 39 62
[email protected]