Xəbərlər


"KOSMOLOGIYADA ALƏMIN ƏBƏDI DÖVRANI PARADIQMASI" KITABI ÇAPDAN ÇIXIB


14 dekabr  2017
 
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, akademik Hətəm Quliyevin "Kosmologiyada aləmin əbədi dövranı paradiqması" kitabı "Elm" nəşriyyatında çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, aləmin, kainatın və formasından asılı olmayaraq mövcud bütün varlığın ümumi məsələlərinin orijinal tədqiqinə həsr edilmiş monoqrafiyanın elmi redaktoru akademik Akif Əlizadədir. Kitabın rəyçiləri N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev və Bakı Dövlət Universitetinin professoru Əziz Məmmədovdur.

Monoqrafiyada aləmin əbədi dövranı paradiqmasının elmi əsasları təqdim olunur. Hesab edilir ki, təqdim olunan paradiqmalar ilkin və sonrakı (ikinci) insan duyğularına əsaslanır. Müxtəlif paradiqmalar arasında fərqlər ikinci duyğuların nəticələrinın dərkolunma miqyası ilə bağlıdır. Bütövlükdə kosmosla eyniləşdirilən materiyanın maddi və sərbəst (azad) haldan ibarət olduğu qəbul edilir. Mütləq sərbəst hal, azad enerji potensialına malik və bütün qüvvələrin təsirindən azad sonsuz fəza formasındadır. Ayrı-ayrı maddələrdən və azad fəzanın hissələrindən ibarət olan maddi hal fiziki, bioloji və informasiya formaları şəklində mövcuddur. Materiya hər zaman, hər yerdə onun bütün formalarının iştirakı ilə sərbəst fəzada hərəkətdədir. Hərəkətlərin mənbəyini isə maddənin enerjiyə, enerjinin maddəyə çevrilməsinin sonsuz ardıcıllığı şəklində mübarizə təşkil edir. Materiya bütün formalarında bu yolla azadlığa nail olmaq üçün əbədi mübarizə aparır. Müşahidə oluna bilinən və bilinməyən bütün hərəkətlər bu mübarizənin təzahürüdür.


Mənbə: AZƏRTAC