Xəbərlər


ÖLKƏNİN MÜXTƏLİF REGİONLARINDA ƏHALİ RADON QAZININ TƏHLÜKƏLƏRİNƏ DAİR MAARİFLƏNDİRİLİR


 22 noyabr 2017-ci il

 
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun(GGİ) alimləri ölkənin müxtəlif regionlarında radonqazının təhlükəsi və onunla mübarizə yollarına dair maarifləndirmə görüşləri keçirib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Şamaxı, İsmayıllı, Masallı və Lerik rayonlarındakı qurumlarında, həmçininAMEA-nın Lənkəran Bölməsində təşkil olunmuş və əhalinin müxtəlif təbəqələrinin iştirak etdiyi görüşlər“Radon və insan sağlamlığı” adlı elmi-kütləvibroşürün təqdimatı əsasında keçirilib. Tədbirlərdə GGİ-nin Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri, akademik Əkbər Feyzullayev vəGeoloji mühitin radiometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Çingiz Əliyevməruzələrlə çıxış ediblər.

Mütəxəssislər bildirib ki, Yer kürəsində geniş yayılmış radon qazı normadan çox olduqda ağ ciyər xərçəngi törədə bilir və bu xəstəliyin səbəbləri sırasında siqaretdən sonra ikinci yerdədir. GGİ ölkə ərazisində radonun paylanmasının tədqiqinə xarici ölkələrin alimləri ilə birgə 2010-cu ildə başlayıb. İsveçrənin Milli Elm Fondunun maliyyə dəstəyi ilə aparılmış tədqiqatlar nəticəsində “Azərbaycan ərazisində radonun həcmi aktivlik xəritəsi” tərtib olunub. Radon qazı əsasən dağlıq ərazilərimizdəki bir sıra yaşayış məntəqələrində normadan artıq müəyyən edilib.Tədqiqatların hazırda davam etdirilməsi, bu təbii qazla mübarizə yollarının ictimaiyyətə çatdırılması“Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı”nda qarşıya qoyulmuş vəzifələrdən irəli gəlir.“Radon və insan sağlamlığı” elmi-kütləvi broşürü təbii radiasiya, onun mənbələri və radon qazının insan sağlamlığına yaratdığı təhlükələrdən bəhs edir.Bunlardan əlavə, yeni nəşrdə sözügedəntəhlükələrin azaldılması və insanların ondan qorunması yolları, həmçinin bu istiqamətdə zəruri əhəmiyyət daşıyan normativ aktlar haqqında da ətraflı məlumat verilir.BroşürƏ.Feyzullayev, Ç.Əliyev, gənc alim Fərəh Mahmudova və Rauf Bağırlının 2010-cu ildən etibarən birgə apardıqları tədqiqatların nəticəsində hazırlanıb.

Kitabça tikinti işləri aparan şirkətlər və fərdi şəxslər, radiasiya təhlükəsizliyi ilə maraqlananlar, xüsusən də radonun yüksək səviyyədə olduğu ərazilərdə yaşayanlar üçün faydalı ola bilər.Azərbaycan dilində elmi-publisistik üslubda və illüstrasiyalarlahazırlanmış broşür“Nafta-Press” nəşriyyatında işıq üzü görüb və40 səhifədən ibarətdir.






AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]