Xəbərlər


İNSTİTUTUN 80 İLLİYİNƏ HƏSR OLUNACAQ VII BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK

 
6 noyabr 2017-ci il

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun verdiyi məlumata görə AMEA Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadənin şəxsi təşəbbüsü ilə ilk dəfə 2005-ci ildə paytaxt Bakıda gənc geoloq və geofiziklər üçün beynəlxalq elmi konfrans təşkil edilib. Həmin tarixdən başlayaraq, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən hər iki ildən bir keçirilən belə konfranslar geologiya və geofizikanın müxtəlif problemlərinə həsr olunur. Elmi tədbir gənc alim, doktorant, magistr və tələbələrin apardıqları elmi tədqiqat işlərinin nəticələrinin qlobal miqyaslı müzakirəsi, həmçinin fundamental və tətbiqi məsələlərin həlli üçün dünyada istifadə edilən yanaşma və metodların mənimsənilməsi baxımından vacib platforma təşkil edir.

Konfransın Elmi Təşkilat Komitəsinin həmsədri onu da qeyd edib ki, illər keçdikcə konfransda iştirak edən gənclərin auditoriyası, onların təmsil etdikləri ölkələrin coğrafiyası əhəmiyyətli dərəcədə genişlənmiş, elmi tədbirə olan maraq artmışdır. Belə ki, sonuncu, 6-cı beynəlxalq konfransda müxtəlif qitələrin 20-yə yaxın ölkəsindən 250-yə yaxın gənc alim və mütəxəssis iştirak etmişdir.

14-17 oktyabr 2018-ci il tarixlərində Bakıda təşkil olunacaq növbəti, sayca 7-ci Beynəlxalq Elmi Konfrans Geologiya və Geofizika İnstitutunun 80 illiyinə həsr olunur. “Geologiya və geofizikanın müasir problemlərinin həllində informasiya texnologiyaları” adlı elmi tədbirin İnstitutun yubileyinə həsr edilməsi bütün konfranslara ciddi hazırlaşan Elmi Təşkilat Komitəsinin üzərinə əlavə böyük məsuliyyət qoyur. Bununla əlaqədar, Elmi Təşkilat Komitəsi növbəti konfransın yüksək səviyyədə təşkil edilməsi üçün bütün imkan və qüvvəsini səfərbər edir.

Həmsədr tədbirə qatılacaq gəncləri odlar yurdu Azərbaycanda maraqlı və əhəmiyyətli elmi müzakirələr, tarixi-mədəni, həmçinin geoloji obyektlərə ekskursiyalar və əyləncəli proqramlar gözlədiyini bildirib.

Konfransla bağlı ətraflı məlumatı institutun www.gia.az internet səhifəsindən əldə etmək mümkündür.




AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
said.huseynov[email protected]