Xəbərlər


ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLIB


27 oktyabr 2017-ci il

Oktyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) Elmi Şuranın növbəti iclası keçirilib. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov açıb. Əvvəlcə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. İlk olaraq Eksperimental petrofizika” şöbəsinin rəhbəri geologiya-mineralogiya elmləri doktoru İ.Səfərov “Yüksək termobarik şəraitdə Yerin endogen rejimlərinin mantiya və litosferinin petrofiziki modelləri” adlı məruzə ilə çıxış edib. Qeyd edib ki, böyük miqdarda süxur nümunələrinin yüksək p, T şəraitdə fiziki xassələrinin tədqiqi aparılmış, həmin şəraitdə işləyən bir sıra yeni orijinal qurğular, eləcə də uzununa və eninə dalğaların sürətini, sıxlığını və s. təyin etməyə imkan verən üsul yaradılmışdır. Aparılmış tədqiqatlar nəticəsində materik və okeanların üst mantiyasının və litosferinin inkişaf dinamikası və dərinlik quruluşunun dəqiqləşdirilməsi məqsədilə seysmologiya, qravimetriya, petroqrafiya, petrokimya və s. üsullara əsaslanan Yerin endogen rejimlərinin dərin petrofiziki kəsiliş modelləri qurulmuşdur. Müəyyən olunmuşdur ki, yüksək termobarik şəraitdə okean və materiklərin ofiolit komplekslərinin süxurlarının serpentinləşməsi elastik dalğaların sürət və sıxlığının azalmasına səbəb olur.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və suallar cavablandırıldıqdan sonra Elmi Şuranın qərarı ilə qəbul olunub.

İclas 2017-ci ildə başa çatmış ETİ üzrə yekun hesabatların müzakirəsi ilə davam edib. “Aralıq, Qara və Xəzər dənizləri palçıq vulkanizminin müqayisəli təhlili” və “Kür depressiyasının fanerozoy geotektonik dönüş etaplarının struktur-litofasial və geodinamik əsasda paleotektonik və paleocoğrafi xəritələrinin tərtib edilməsi” mövzuları üzrə tədqiqatlar haqqında məlumat verilib. Həmçinin, Milli Məlumat Mərkəzində (CTBTO) yerinə yetirilən işlərin gedişatı və Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətinə dair də çıxışlar dinlənilib.

Tədbir kadr məsələlərinin müzakirəsi ilə yekunlaşıb.










AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]