Xəbərlər


GƏNC ALİMLƏR CƏNUBİ XƏZƏRİN SEYSMİKLİYİNİ MÜZAKİRƏ EDİB


17 oktyabr 2017-ci il

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda gənc alim və mütəxəssislərin növbəti elmi seminarı çərçivəsində Cənubi Xəzər Regionunda baş verən zəlzələlərinin məkan-zaman xarakteristikası və mənşəyi ilə əlaqədar tədqiqatların nəticələri müzakirə olunub.İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun sədrliyi ilə keçirilən ənənəvi seminarda Müasir geodinamika və kosmik geodeziya şöbəsinin böyük elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoruAynur Zamanovanın geniş məruzəsi dinlənilib.

Məruzəçi araşdırmaların aktuallığından və məqsədlərindən bəhs edərək, vurğulayıb ki, son dövrlərdə Cənubi Xəzər regionunda aparılmış geofiziki tədqiqatlar nəticəsində hövzənin çöküntü qatının, özülü və mantiyasının üst hissəsi də daxil olmaqla, 45-50 km dərinliklərə qədər geoloji-tektonik quruluşunu öyrənmək və dəqiqləşdirmək xüsusi əhəmiyyət kəsb edir. Onun qənaətinə əsasən, seysmoloji şəraitin dəqiq təhlili əsasında alınmış yeni məlumatlar regionun geodinamik inkişafını daha dürüst təsvir etməyə imkan yaradır. Tərtib edilmiş sxemlər, kəsilişlər və yanaşmalar regionda mövcud olan müxtəlif yaşlı və tərkibli litosfer bloklarının sərhədlərinin və seysmik təhlükəli zonaların dərinlik quruluşunun araşdırılmasında, plitələrin toqquşma prosesləri ilə bağlı olan zəlzələlərin baş vermə məkanlarının proqnozlaşdırılmasında, seysmik təhlükə xəritələrinin təkminləşdirilməsində istifadə oluna bilər.

Məruzə seminar iştirakçıları tərəfindən xeyli maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb.










AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]