Xəbərlər


ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLIB


 13 oktyabr 2017-ci il

Oktyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) Elmi Şuranın növbəti iclası keçirilib. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov açıb. Əvvəlcə akademik Arif İsmayılzadə, geologiya-mineralogiya elmləri doktorları – Novruz Novruzov və professor Zakir Abdullayev 80, AMEA-nın müxbir üzvü Çingiz Əliyev və geologiya üzrə fəlsəfə doktoru Nağı Nağıyev 70, institutun baş mühasibi Elmira Əsgərova və kitabxananın müdiri Rəna Vəliyeva isə 60 illik yubileyləri münasibəti ilə kollektiv adından təbrik olunublar. Yubilyarlara xoş arzular çatdırılıb.

Sonra, D.Hüseynov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. İlk olaraq Mühəndisi geofizika şöbəsinin rəhbəri geologiya üzrə fəlsəfə doktoru Əvəz Salamovun “Elektrik kəşfiyyatı üsulları ilə göl ətrafı ərazilərdə ekzogen geoloji proses-lərin modelləşdirilməsi (Masazır, Məhəmmədi gölləri timsalında)” mövzusunda məruzəsi dinlənilib. Natiq bildirib ki, göllərətrafı ərazilərdə ekzogen geoloji proseslərin (çökmə, sürüşmə, eroziya, psevdokarstlar və s.) öyrənilməsi məqsədilə ilk dəfə olaraq elektrik kəşfiyyatının şaquli elektrik zondlama (ŞEZ) üsulundan istifadə etməklə geofiziki tədqiqatlar aprılıb. Tədqiqatlar nəticəsində yeni ölçü qurğusu hazırlanıb və hər bir sahədə dörd profil üzrə ölçmə işləri həyata keçirilib. Geofiziki tədqiqatlar Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində yerinə yetirilib.

Masazır və Məhəmmədi göllərinin sahilə yaxın zonasında 40 metr dərinliyə qədər geofiziki üsullarla aparılmış tədqiqatlar nəticəsində litoloji quruluş, ekzogen geoloji proseslərin müasir vəziyyəti və onların inkişaf istiqamətlərinin 2D modelləri tərtib edilib.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və suallar cavablandırıldıqdan sonra Elmi Şuranın qərarı ilə qəbul olunub.

İclas elmi-təşkilati məsələlərin müzakirəsi ilə davam edib. AMEA Prezidentinin sərəncamlarının və Rəyasət Heyətinin qərarlarının icrası müzakirə edilib. AMEA Yer Elmləri Bölməsinin rəhbəri, GGİ-nin Geodinamika və seysmologiya şöbəsinin müdiri, akademik Fəxrəddin Qədirov çıxış edərək Massaçusets Texnologiyalar İnstitutu ilə birgə yaradılmış beynəlxalq laboratoriyalarda elmi-tədqiqat proqramlarının yerinə yetirilməsinin gedişatı, həmçinin Rusiya Elmlər Akademiyası Yerin fizikası İnstitutu ilə birgə aparılan elmi-tədqiqat işlərinin icrası haqqında məlumat verib. Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev beynəlxalq konqres çərçivəsində keçirdiyi “Müasir fənlərarası geomexaniki problemlər” mövzusunda simpoziumun nəticələri, Geotermiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Abdulvahab Muxtarov isə institut alimlərinin Almaniyada beynəlxalq tədbirdə iştirakından danışıb.

Daha sonra, kadr məsələləri müzakirə edilib, 2017/2018-ci tədris ili üzrə magistraturaya qəbul haqqında məlumat verilib, magistrantların attestasiya komissiyasının nəticələri təsdiq olunub.

















AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]