Xəbərlər


GƏNC ALİM QIRĞIZISTANDA BEYNƏLXALQ TƏDBİRDƏ MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB


13 oktyabr 2017-ci il

Qırğızıstanın paytaxtı Bişkəkdə “Elm, dövlət strukturları və cəmiyyət – zəlzələlər nəticəsində yaranan fəsadların və risklərin azaldılması məqsədilə birgə səylər” mövzusunda üçgünlük beynəlxalq konfrans-seminar keçirilir. Asiya Ölkələrinin Elmlər Akademiyası və Cəmiyyətlərinin Assosiyasiyası və Kırğızıstan Respublikasının Milli Elmlər Akademiyası tərəfindən təşkil olunmuştədbirə Assosiyasiyanın 28 üzv ölkəsi, o cümlədən İngiltərə, Yaponiya, Rusiya, Almaniya, Çin, Koreya və digərlərindən nümayəndələr qatılıb.

Ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya ve Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükə şöbəsinin əməkdaşı Muradi İmran təmsil edir. O, konfrans-seminarın “Seysmik təhlükənin və riskin dərk edilməsi və siyasəti” adlı elmi bölməsində “Abşeron yarımadası üçün ehtimal nəzəriyyəsi əsasında seysmik təhlükənin qiymətləndirilməsi” adlı məruzə ilə çıxış edib. Məruzə şöbənin rəhbəri, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev və baş laborant, bakalavr Elvin Babayevin həmmüəllif olduqları eyni adlı elmi məqalə əsasında hazırlanıb. Gənc alimin çıxışı böyük maraqla dinlənilib və nəticələr əhəmiyyətli hesab olunub.Tədbirdə, həmçinin Yer elmlərinə aid aktual problemlər, zəlzələlərin proqnozu və əmələgəlməsi məsələləri müzakirə edilib. Seminarda tanınmış universitetlərin professorları, o cümlədə James Jackson, Morteza Talebian, Massimiliano Pittore və digərləri təqdim olunmuş tədqiqatın nəticələrini böyük maraqla qarşılayıb və gələcəkdə seysmologiya elminin inkişafı məqsədilə müştərək işlərin aparılması təklif olunub.

Tədbirin əsas məqsədi dünyanın Yer elmləri üzrə tədqiqatçılarını bir araya toplamaq, fikir mübadilələri aparmaq və zəlzələ elmi üzrə yeniliklər əldə etməkdir. Seminar bu gün başa çatır.




AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]