Xəbərlər


ALİMLƏR ALTERNATİV ENERJİ MƏNBƏLƏRİNİ “STRATEJİ YOL XƏRİTƏLƏRİ”NƏ TƏKLİF EDİR


8 sentyabr 2017-ci il

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri enerji təminatına töhfə vermək məqsədi ilə yanar şistlərin və təbii bitumların mümkün istifadə sahələrini öyrənir. Bu, Prezident İlham Əliyevin ötən il dekabrın 6-da təsdiq etdiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndən irəli gələn vəzifədir. İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov bildirir ki, kompleks tədqiqatların nəticələri “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”nə təklif edilir. Bunlardan biri yanar şistlərin kiçik həcmli istilik elektrik stansiyalarında yandırılaraq xammal kimi, külündən isə kənd təsərrüfatında mineral halda istifadə olunmasıdır. Həmçinin, yanar şistlər və təbii bitumlar neft-kimya məhsulları, o cümlədən sürtkü yağları, liqroin, benzol, fenol və s.-nin hazırlanmasında, Zn, V, Cr, Mn, Co və s. kimi mikroelementlərin alınmasında, ixtiol və naşatır spirti kimi tibbi preparatların əldə edilməsində də istifadə oluna bilər.

Bunlardan əlavə, institututda qeyri-ənənəvi enerji mənbələri kimi, şist qazı və şist neftindən istifadə, alternativ enerji növlərindən biri olan geotermal enerji və onun Azərbaycanda tətbiqi sahəsində də geniş tədqiqatlar həyata keçirilir.

D.Hüseynov əlavə edir ki, BMT Baş Assambleyasının 33/148 saylı Qətnaməsində yanar şistlər xüsusi əhəmiyyət kəsb edən alternativ enerji mənbələri sırasına daxil edilir. Bu mənada qeyd etməyə dəyər ki, Azərbaycanda geniş intişar tapmış həm yanar şistlərin, həm də təbii bitumların yanacaq-enerji və xammal resursları kimi öyrənilməsi və istifadə perspektivləri 1990-cı ildən indiyə qədər GGİ-nin tədqiqat hədəflərindəndir. İlk dəfə olaraq “Azərbaycanın  yanar şist və təbii bitum resursları” xəritəsi 1:1000000 miqyasda tərtib olunub. Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyevin rəhbərliyi ilə əsasən Şamaxı-Qobustan, Abşeron, Şirvan,  İsmayıllı və Quba rayonlarında öyrənilmiş 120-yə yaxın yanar şist və təbii bitum çıxışlarının təsnifatı proqnoz resurslarına nəzərən yataq və təzahür kateqoriyasına uyğun qiymətləndirilib, keyfiyyətli yanar şist və təbii bitum saxlayan perspektivli sahələr ayrılıb, şist sənayesi inkişaf etmiş 16 ölkənin yanar şistləri ilə Azərbaycanın eyniadlı resursları keyfiyyət parametrlərinə görə müqayisə olunub. Müvafiq ölkələrin təcrübəsi nəzərə alınmaqla bu tip enerji resurslarının istifadə sahələri elmi əsaslandırılıb.


AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]