Xəbərlər


AZƏRBAYCAN ƏRAZİLƏRİNDƏKİ TEKTONİK HƏRƏKƏTLƏRƏ DAİR ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB

 
31 may 2017-ci il

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda “Zəlzələlərin ocaq mexanizmlərinə əsasən Azərbaycanın seysmogen sahələrində tektonik hərəkətlərin tipləri” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib. Müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov tədbiri açaraq mövzunun əhəmiyyətindən, bu istiqamətdə aparılan müasir tədqiqatların vacibliyindən danışıb. Bildirib ki, respublikanın ərazilərindəki tektonik proseslərin tədqiqi strateji əhəmiyyət daşıyır, xüsusi ilə neft və qaz istehsalatı prosesindəki texniki risklərin azaldılması baxımından olduqca vacibdir. Bunu nəzərə alan alim-geofiziklər bu istiqamətdə böyük səylə tədqiqatlar aparır və önəmli nəticələr əldə edirlər. Seminarın mövzusu bu istiqamətdə olan nəticələrdən bəhs edir.

Sonra, Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və əməkdaşı, geologiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova tərəfindən hazırlanmış məruzə dinlənilib. Geniş məruzəni təqdim edən S.Kazımova çıxış edərək bildirib ki, zəlzələlərin ocaq mexanizmləri əsasında Azərbaycan ərazisinin seysmogen zonalarında tektonik hərəkətlərin tipləri müəyyən edilmişdir. Yer qabığının gərginlik və deformasiya sahələrini öyrənmək üçün zəlzələ ocaqlarının mexanizmlərinin və dinamik parametrlərinin qiymətləndirilməsi, onların formalaşma şəraiti və yer qabığının gərginlik sahələrinin analizi aparılmışdır. 2003-2016-сi illər ərzində 910 zəlzələnin (ml≥3.0) ocaq mexanizmi işlənilmişdir. Azərbaycanın seysmotelemetrik stansiyalarının və ocaq mexanizmlərinin məlumatları, eləcə də əsas gərginlik oxlarının oriyentasiyalarının və gərginlik vəziyyətinin səviyyəsini müəyyən edən Lode-Nadai (μσ -1-dən +1-ə qədər dəyişir) əmsalı əsasında respublika ərazisinin fərdi seysmogen zonalarının gərginlik-deformasiya vəziyyəti müəyyən edilmişdir.

Ocaqların fokal mexanizmlərinin alınmış nəticələrinin xüsusiyyətlərini təhlil edərkən statistik yanaşmadan (toplu proyeksiyaların vizuallaşması, azimutların və əsas gərginlik oxlarının əyilmə bucaqlarının paylanması) istifadə edilmişdir. Müəyyən olunmuşdur ki, gərginlik oxlarının istiqaməti həm zaman, həm də məkan üzrə dəyişkən xarakter daşıyır və bu istiqamət tədqiq olunan regionun tektonik quruluşunun xüsusiyyətləri ilə uzlaşır. Zəlzələ ocaq mexanizmlərinin məlumatları, sıxılma və gərilmə oxları əsasında məlum olub ki, Böyük Qafqaz zonasında sıxılma oxları əsasın CQ-ŞmŞ, Zaqatala-Balakən və Orta Kür çökəkliyi zonasında ŞmQ-CŞ, Aşağı Kür çökəkliyində və Talış bölgəsində ŞmŞ-CQ istiqamətində, Xəzər akvatoriyasında isə ŞmŞ-CQ istiqamətindən ŞmQ-CŞ istiqamətinə qədər yönəlmişdir. Gərilmə oxları isə əks istiqamətlidir. Orta və Aşağı Kür çökəkliklərində və həmsərhəd Xəzər zonasında gərilmə, Şəki, Siyəzən, Şamaxı-İsmayıllı, Şirvan, İmişli və Cəlilabad zonalarında isə sıxılma müşahidə olunur.

Beləliklə, Böyük Qafqazın cənub yamacının Azərbaycan hissəsində üç növ lokal gərginlik sahələri aşkar olunmuşdur: qırılıb-qalxma, qırılıb-düşmə-yerdəyişmə, soltərəfli horizontal yerdəyişmə. Orta Kür çökəkliyi üçün – qırılıb-qalxma, qırılıb-düşmə, Cənubi Xəzər hövzəsində – qırılıb-düşmə, horizontal yerdəyişmə, Talış zonasında – qırılıb-qalxma, qırılıb-düşmə-yerdəyişmə.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.







AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]