Xəbərlər


YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB


12 aprel 2017-ci il

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda “REAL Qazların tam energetik və dinamiki qeyri-tarazlıq halı” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb. O, Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları AMEA müxbir üzvü Elmira Ramazanova və professor V.Əliyev tərəfindən birgə təqdim olunan mövzunun əhəmiyyətindən, bu istiqamətdə aparılan müasir tədqiqatların vacibliyindən danışıb. Bildirib ki, mövcud praktiki məlumatlara əsasən texnoloji parametrləri geniş diapazonda dəyişən çoxfunksional sistemdə təbii və səmt neft qazlarının “hasilatı, yığılması, hazırlanması və nəqli” texnoloji prosesində qazların istilik-fiziki-kimyəvi energetik halı xeyli dərəcədə dəyişir.

Mürəkkəb texnoloji prosesdə təbii və səmt neft qazlarının “hasilatı, yığılması, hazırlanması və nəqli” sistemi uzun illər öyrənildikdən sonra belə nəticəyə gəlinmişdir ki, təbii və səmt neft qazları üçün mövcud olan hal tənliklərindən fərqli olaraq, yeni hal tənliyinin işlənilməsi çox aktualdır.

Yeni tənlik təbii dinamiki qeyri-tarazlıq şəraitində texnoloji parametrik dəyişiklikləri nəzərə almaqla təbii və səmt neft qazlarının istilik-fiziki-kimyəvi energetik halı üçün öyrənilən sistemə tətbiq edilir və həmçinin bu tənlik məlum iki elmi istiqamətdə istifadə olunur:

1. Maddənin termodinamik xassələri sahəsində texniki termodinamikanın əsas qanunları.

2. Real qazların molekulyar-kinetik nəzəriyyəsində təbii və səmt neft qazlarının istilik-fiziki-kimyəvi energetik halı.

Aparılmış tədqiqatların nəticələri respublika və xarici beynəlxalq konfranslarda müzakirə olunmuş, bir sıra nüfuzlu jurnallarda çap olunmuşdur.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.








AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]