Xəbərlər


NÖVBƏTİ GEOMEXANİKA SEMİNARI KEÇİRİLDİ

 

30 mart 2017-ci il

2017-ci il mart ayının 30 AMEA-nın Geologiya və Geofizika İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və Geofizika, Riyaziyyat və Mexanika institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Bakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində “Geomexanika” növbəti seminarı keçirilmişdir. Seminarda elmi-tədqiqat layihə işinin bütün iştirakçıları və müxtəlif müəssisələrdən qonaqlar iştirak etmişlər.

Seminarı layihənin rəhbəri akademik Hətəm Quliyev açdı və giriş sözündə layihədə nəzərdə tutulan işlərin uğurla davam etdirildiyini söylədi və bu gün “Deformasiyaya uğramış geoloji mühitlərin elastiki parametrləri haqqında ” mövzusunda təqdim etdiyi məruzənin müzakirə ediləcəyini qeyd etdi.

Məruzə üçün söz akademik H.H. Quliyevə verildi.

Müşahidə və eksperimental geofiziki məlumatlar komplekslərinin geomexaniki interpretasiyanın yeni nəzəri bazasını yaratmaq məqsədi ilə qeyri xətti elastodinamikanın qeyri klassik xəttiləşdirilmiş yanaşması çərçivəsində təzyiqin, boyuna və eninə elastiki dalğaların yayılma sürətlərinin sıxılma deformasiyasına uğrayan bircins bərk cisimlərdə dəyişmələri öyrənilmişdir.

Deformasiya proseslərinin müxtəlif elastiki potensiallarla ifadə olunduğu hallarda kiçik və böyük deformasiya vəziyyətlərinə baxılıb, yəni fiziki və həndəsi qeyri xətti məsələlərə baxılıb.

Deformasiyaya uğramış izotrop mühitlərdə göstərilən parametrlərin hesablanması üçün qeyri klassik xətti və qeyri xətti həllər çərçivəsində analitik ifadələr alınmışdır.

Müxtəlif mühitlərin hərtərəfli sıxılma deformasiya vəziyyətlərində konkret ədədi hesablamalar aparılmışdır. Göstərilir ki, standart konstruksiya materialları mexanikasında qəbul olunmuş əlavə xəttiləşdirilmə (təzyiq parametrlərinə görə) əldə olunan nəticələrdə kifayyət gədər ciddi kəmiyyət və keyfiyyət xətalarının yaranmasına səbəb olur. Müxtəlif mühitlərdə öyrənilən səciyyələrə fiziki və həndəsi qeyri xəttiliyin təsiri yüksəkdir və fərqlidir. Böyük deformasiyalarda qeyri xətti toplananların töhfəsi baxılan parametrlərə xətti deformasiyalara nisbətən böyükdür. Göstərilmişdir ki, mühitdə sıxılma deformasiyalarının qiyməti müəyyən böhran həddinə çatdıqda onlarda həqiqi qiymətə malik elastiki dalğalar yayılmır. Deformasiyaların böhran qiymətləri boyuna və eninə dalğalar üçün müxtəlif elastiki potensiallar və başlanğıc deformasiya nəəriyyələri çərçivəsində bir-birindən fərqlənirlər.

Alınmış nəticələr Yerin daxili strukturlarında elastiki parametrlərin paylanma məsələlrinin müasir nəzəri əsaslarını təşkil etdiyindən mühüm əhəmiyyətə malikdir.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir işlərin nəticələrinin müzakirəsi ilə başa çatıb.










AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]