Xəbərlər


ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLIB

 
17 mart 2017-ci il
 
Martın 17-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) Elmi Şuranın növbəti iclası keçirilib. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb. Əvvəlcə Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “İlin alimi” ali media mükafatına layiq görülməsi, şöbənin aparıcı elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun isə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Yasamal Rayon Gənclər və İdman İdarəsi tərəfindən “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə və rayonun elmi-ictimai həyatında fəal iştirakına görə fəxri fərmanla təltif ediliməsi ilə əlaqədar təbrik olunublar.

Sonra, D.Hüseynov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. İlk olaraq Paleontologiya və stratiqrafiya şöbəsinin aparıcı elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru Şəfəq Bayramovanın “Azərbaycanda palinoloji tədqiqatların əhəmiyyəti və perspektivliyi” mövzusunda məruzəsi dinlənilib. Natiq bildirib ki, palinologiya elmi istiqamətinin Azərbaycanda inkişaf etdirilməsi regionun mezokaynozoy çöküntülərində nanoplankton, dinoflaqellyat və sportozcuqların kompleks şəklində tədqiqatlarının aparılması, stratiqrafik zonaların ayrılması, biozonaların paleocoğrafi şəraitlərinin və bitki örtüklərinin təsvir olunması, karbohidrogenlərin və digər faydalı qazıntıların axtarışı və hasilatı zəruridir.

Azərbaycanda aparılan palinoloji tədqiqatların nəticələri bir sıra monoqrafiya və məqalələrdə, dissertasiya işlərində çap olunub, respublikamızda, Almaniya, İtaliya və Argentinada elmi konfranslarda müzakirə edilib.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və suallar cavablandırıldıqdan sonra Elmi Şuranın qərarı ilə qəbul edilib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanından irəli gələn vəzifələr, həmçinin AMEA Prezidentinin sərəncamlarının və Rəyasət Heyətinin qərarlarının icrası müzakirə edilib.

AMEA-nın müxbir üzvü Çingiz Əliyev Rəyasət Heyəti tərəfindən dəstəklənən “Biogeokimyəvi rayonlaşdırma və Azərbaycan əhalisinin sağlamlığının regional proqnozlaşdırılması” kompleks proqramının yekun nəticələrinə dair çıxış edib.

İclas 2017-ci ildə başa çatmış elmi-tədqiqat işlərinin müzakirəsi ilə davam edib. “Aralıq, Qara və Xəzər dənizləri palçıq vulkanizminin müqayisəli təhlili”, “Azərbaycanın geoxronoloji şkalasının yeni məlumatlar əsasında tərtibi”, “Kür depresiyasının fanerozoy geotektonik dönüş etaplarının struktur-litofasial və geodinamik əsasda paleotektonik və paleocoğrafi xəritələrinin tərtib edilməsi”, “Kiçik Qafqazda kontakt-termal metamorfizmə və filizdaşıyan kalsiumlu skarn metasomatitlərinə dair elmi işlərin ümumiləşdirilib sistemləşdirilməsi” və “Gədəbəy filiz rayonunun gec yura-erkən təbaşir yaşlı intruziv maqma-tizminin kristallaşmasının fiziki-kimyəvi şəraiti və filizəmələgətirən elementlərin təkamül prosesində paylanma qanunauyğunluqları” haqqında da çıxışlar dinlənilib, araşdırmaların nəticələri müzakirə olunub.

Akademik Hətəm Quliyev bü günlərdə Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş "Nəzəri və tətbiqi fizikanın ön cəbhəsi" adlı beynəlxalq konfransda iştirakı haqqında danışıb.

GGİ-nin Hövzə modelləşdirilməsi və geotexnologiyalar şöbəsinin böyük elmi işçisi Tofiq Rəşidovun dissertasiya işinin adının qismən dəyişdirilməsi təklif olunub.
İclas struktur dəyişikliklərinin müzakirəsi ilə yekunlaşıb.








AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]