Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA “GEOMEXANİKA” NÖVBƏTİ SEMİNARI KEÇİRİLDİ


16 noyabr 2016-cı il

2016-cı il noyabr ayının 24 AMEA-nın Geologiya və Geofizika İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və Geofizika, Riyaziyyat və Mexanika institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Bakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində “Geomexanika” növbəti seminarı keçirilmişdir. Seminarda elmi-tədqiqat layihə işinin bütün iştirakçıları və müxtəlif müəssisələrdən qonaqlar iştirak etmişlər.

Seminarı layihənin rəhbəri akademik Hətəm Quliyev açdı və giriş sözündə layihədə nəzərdə tutulan işlərin uğurla davam etdirildiyini söylədi və bu gün “ Yerin bərk nüvəsi haqqında yenilik” mövzusunda təqdim etdiyi məruzənin müzakirə ediləcəyini qeyd etdi.

Məruzə üçün söz akademik H.H. Quliyevə verildi.

Yerin quruluşu və mühitinin tərkibinin nəzəri modelləri təzyiqin, sıxlığın, elastiki parametrlərinin və hal tənliklərinin paylanması məlumatları əsasında formalaşıb. Bu qanunauyğunluqlar Yerin kütləsi, ətalət momenti, məxsusi rəqsləri, Yer şarının öz oxu ətrafında nutasiyası və seysmotomoqrafiya tədqiqatlarının nəticələri kimi inteqral meyarlara cavab verir.

Bütöv mühit mexanikasında elastikiyyat əmsalları, Puasson əmsalı və yayılan həcmi elastiki dalğaların sürətləri kimi, deformasiyaya uğrayan mühitin elastiki parametrləri gərginliklərin səviyyəsinə, bircins və müntəzəm deformasiyaların üzərinə qoyulmuş konkret şərtlər daxilində təyin olunur. Bircins deformasiyaların müntəzəm paylanma şərti həm də bu materiallardan hazırlanmış konkret konstruksiyaların (baxılan halda şarın) deformasiyası prosesində də ödənilməlidir. Yerin daxilində, o cümlədən də bərk nüvədə də elastiki parametrlərin paylanmasında da birinci növbədə çalışmaq lazımdır ki, bütöv mühit mexanikasının bu diferensial meyarları ödənilsin. Bu meyarların pozulması haqqında fikir hal hazırda mövcud olan nəzəri modellərdə bərk nüvənin səthində təzyiqin P=329 GPa və sürüşmə modulunun µ=157 GPa olması ilə bağlıdır. Görünür ki, bu modellərdə təzyiqin qiyməti elastikiyyət modulunun qiymətindən 2 dəfədən artıq çoxdur.

Təqdim olunan məruzədə deformasiyaya uğrayan bərk cism mexanikasının möhkəmlik, dayanıqlıq və elastiki dalğaların yayılması xüsusiyyətləri kimi əsas prinsiplərinə əsaslanaraq göstərilir ki, fərz edilən termobarik şəraitdə və hesablanmış elastikiyyət parametrləri halında Yerin bərk nüvəsi şar konstruksiyası kimi mövcud ola bilməz. Tədqiqatlar xətti, qeyri xətti, kiçik və böyük deformasiyalar nəzərə alınaraq aparılmışdır. Bərk nüvənin şar modelinin səthində təzyiqin qiyməti nəzəri möhkəmlik həddindən çox böyükdür, bu təzyiqin təsiri konservativ qüvvələr kimi modelləşdiriləndə, şarın tarazılıq vəziyyəti dağılmadan həndəsi dəyişikliklər formasında və təzyiqi təsiri qeyri konservativ qüvvələr kimi modelləşdiriləndə tarazılıq vəziyyətinin "daxili" formada itirilməsi yolu ilə dayanıqsız olur. Bu hallarda dayanıqsızlığın hesabına deformasiyanın paylanmasının bircinslik şərti pozulur. Eyni zamanda belə hallarda baxılan mühitdə həqiqi qiymətə malik sürətlərlə eninə elastiki dalğalar yayıla bilmir. Mexanikanın bu fundamental şərtlərin pozulmasının mümkünlüyü, elastiki və fiziki parametrlərin Yerin daxilində paylanması məsələsinin həlli zamanı seysmogeoloji və laborator təcrübələrinin məlumatlarının emalı və geoloji şərhində mütləq nəzərə alınmalıdır.

İşlə əlaqədar "Анализ результатов интерпретации упругих параметров твердого ядра Земли с позиций современной геомеханики" (Г.Г. Кулиев) məqaləsi "Геофизический журнал", "Geomechanical analysis of elastic parameters of the solid core of the Earth" (H.H. Guliyev) məqaləsi "Geomechanics and Engineering, An İnternational journal" jurnallarına təqdim olunub, "Analysis of the physical parameters of the Earths inner core within the mechanics of the deformable body" məqaləsi isə "Transactions Issue Mathematics, Series of physical-technical and mathematics science, Azerbaijan National Academy of Science" jurnalına çapa qəbul olunmuşdur.









AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]