Xəbərlər


AKADEMİK HƏTƏM QULİYEV UKRAYNADA BEYNƏLXALQ KONFRANSDA MƏRUZƏLƏRLƏ ÇIXIŞ EDİB


Akademik Hətəm Quliyev Ukraynanın T.Şevçenko adına Kiyev Milli Universitetində keçirilən “Geoinformatika-2016: Nəzəri və tətbiqi aspektlər” mövzusunda XV Beynəlxalq konfransda iştirak edib.

Tədbir Ümumukrayna Geoinformasiya və Avropanın Geoloji-Mühəndislik Assosiyasiyalarının birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda Rusiya, Almaniya, Norveç, Polşa, Türkiyə, Ukrayna, Qazaxıstan və digər ölkələrin alimləri geoinformatikanın müxtəlif sahələrinə dair məruzələrlə çıxış ediblər.

Konfransın plenar iclasında H.Quliyev "Quyuların qazılmasında mürəkkəbləşmələrin nəzərə alındığı halda qərarların qəbul edilməsində geoinformasiyanın rolu haqqında" (həmmüəlliflər: Əfəndiyev Q.M., Qədimov A.K., Mahmudov T.A., Quliyev İ.R., Həsənova G.H.) və seksiya iclasında "Seysmik kəşfiyyat və seysmoloji məlumatlar əsasında geoloji mühitin dərin qatlarının öyrənilməsi" (həmmüəlliflər: Ağayev X.B., Volkov T.E., Həsənova G.H.) mövzusunda elmi məruzələrlə çıxış edib.

Konfransın yekununda məruzələrin tam mətninin “Geoinformatika” jurnalında çap olunması tövsiyyə olunub.

Tədbir çərçivəsində akademik H.Quliyev, həmçinin Ankara Universitetinin alimi Dr. Refik Samet, Kiyev Universitetinin professoru V.Zaserkovniy, Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, UMEA-nın müxbir üzvü V.Kendzera və həmin institutun professoru V.Baxmutovla geologiyanın və geofizikanın qarşılıqlı maraq doğuran məsələləri ətrafında müzakirələr aparıb.