Xəbərlər


“QAZ, QAZ-KONDENSAT, NEFT VƏ YÜNGÜL NEFT YATAQLARINDA LAY REJİMİNİN TƏYİNİ” MÖVZUSUNDA ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB


Martın 16-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) “Qaz, qaz-kondensat, neft və yüngül neft yataqlarında lay rejiminin təyini mövzusu” üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib. Müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun sədrliyi ilə aparılan tədbirdə GGİ-nin şöbə müdiri, AMEA müxbir üzvü Arif Quliyev və SOCAR-ın mütəxəssisi, texnika elmləri nəmizədi Məhəmməd Camalbəyov tərəfindən hazırlanmış məruzə dinlənilib. Geniş məruzəni təqdim edən M.Camalbəyov çıxış edərək xatırladıb ki, lay mayelərinin quyuya axını layın əsas enerji resursunu təşkil edən məsamədaxili təzyiqlə təmin olunur. Bu zaman lay təzyiqini yaradan qüvvə lay rejimini təyin edir. Lay rejimi mahiyyətcə lay təzyiqini yaradan qüvvələrin xarakterinə deyilir. Kompüter modelində müxtəlif lay rejimlərində işlənmə prosesinin tədqiqi bizə bu nəticəyə gəlməyə əsas verir ki, bütün lay rejimlərini iki qrupa ayırmaq olar – “elastik” və “sərt” lay rejimi. Bu, energetikasına görə lay sistemlərinin iki tipdə olması deməkdir. Belə ki, elastik lay sistemlərində lay enerjisini lay sisteminin (süxurların və lay flüidlərinin) elastikliyi təşkil edirsə, sərt lay sistemlərində isə lay enerjisi yatağa daxil olan hər hansı agentin (yer səthindən laya vurulan su, konturarxası aktiv su hövzəsi və s. kimi) aktiv enerjisi hesabına formalaşır.   

Neft-qaz yataqlarının işlənilməsi təcrübəsindən məlumdur ki, reallıqda lay təzyiqinin formalaşmasında hər iki tip energetika iştirak edə bilər. Bunlardan yalnız biri üstünlük təşkil edir və məhz həmin energetika lay rejimini təyin edir. Bu mənada lay energetikasının tipinin, o cümlədən konturarxası suların xarakteri və aktivlik dərəcəsinin təyin edilməsi işlənilmə strategiyasının düzgün seçilməsinə, o cümlədən karbohidrogen verimi əmsallarının qabaqcadan təyininə imkan verir və müstəsna əhəmiyyət kəsb edir.   

İşlənilmənin ilkin mərhələsində lay rejiminin təyini üçün mövcud üsulların tətbiqi mümkün deyil. Bununla yanaşı, onlar mahiyyətcə işlənilmə göstəricilərinin dinamikasının subyektiv analizinə əsaslandığından etibarlı deyil.

İlk dəfə olaraq lay energitikasının xaraketrini birmənalı təyin etməyə imkan verən xüsusi parametrlər təyin edilmişdir. Belə ki, müxtəlif təbii və texnoloji rejimlər üçün aparılan kompüter eksperimentləri ilə müəyyən edilmişdir ki,   və   kimi parametrlər lay rejimini birmənalı olaraq ifadə edirlər və onlar lay energetikasının aktivlik kriteriyaları adlandırılmışdır. Burada  - layın məhsuldar hissəsinin məsamələr həcminin cari qiymətinin onun başlanğıc qiymətinə nisbətidir;  - cari və başlanğıc lay təzyiqləri nisbətidir;  - məsaməliyin cari və başlanğıc qiymətlərinin nisbətidir.

Qaz-kondensat, buxarlanmayan və yüngül neft yataqlarının lay energetikasının aktivlik kriteriyalarının hesablanması üçün metodikalar işlənilmişdir.

Təklif olunan üsul hipotetik yatağın kompüter modeli üzərində aparılmış işlənilmə prosesinin məlumatlarından istifadə edilməklə yoxlanılmış və onun yüksək etibarlığa malik olması təsdiqlənmişdir. Bundan başqa, yeni üsul işlənilmənin son mərhələsində olan Bahar və Cənub yataqlarının nümunəsində real yataqlar üçün test edilmişdir. Alınan nəticələr təklif olunan yanaşmanın praktikada tətbiqinin mümkün olduğunu təsdiq edir.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.