Xəbərlər


ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI HAQQINDA


Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) elmi şuranın növbəti iclası keçirilib. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb və iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Sonra institutun Paleontologiya və stratiqrafiya şöbəsinin baş elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru Məcid Bağmanovun “Beynəlxalq stratiqrafiya şkalasında Azərbaycanın eosen paleomaqnit zonalarının və horizontlarının vəziyyəti” mövzusunda geniş məruzəsi dinlənilib.

Daha sonra elmi-təsərrüfat işlərinin yerinə yetirilməsinin gedişatı haqqında çıxışlar edilib. “Ter-Xəzər çökəkliyinin cənub-şərq hissəsində çökmə süxurların karbohidrogen potensialı və onun realizasiya şəraiti”, “Cənubi Xəzər çökəkliyinin məhsuldar və qırmızı qat yataqlarında neft və qaz mənbələri”, “Kür depresiyasının fanerozoy geotektonik dönüş etaplarının struktur-litofasial və geodinamik əsasda paleotektonik və paleocoğrafi xəritələrinin tərtib edilməsi” və “Duruca strukturunun qara şistlərində sorbsiya-desorbsiya proseslərinin eksperimental modelləşdirilməsi və onların ağır metal tərkibli geokimyəvi anomaliya-larının əmələ gəlməsində rolu” mövzularında görülmüş işlərin nəticələrindən bəhs olunub.

İnstitutun strukturunda və Elmi Şuranın tərkibində qismən dəyişikliklər edilməsi, həmçinin nəşrə tövsiyə edilən elmi əsərlər, kadr və digər məsələlər haqqında da müzakirələr aparılıb.