Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda “Nano-gillər və müxtəlif təbii minerallar əsasında alınmış yeni növ polimer kompozitlər” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib. Müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun sədrliyi ilə aparılan tədbirdə akademik Arif İsmayılzadə tədqiqatın hədəflərindən və əhəmiyyətindən danışıb.

Sonra Polimer Materialları İnstitutunun əməkdaşı, kimya elmləri doktoru Nəcəf Qəhrəmanov mövzu üzrə geniş məruzə ilə çıxış edərək bildirib ki, son illərdə polimer materiallarda kristallik üstmolekulyar quruluşun əmələ gəlməsi prosesinə mineral doldurucuların quruluşu və tərkibinin təsiri istiqamətində aparılan tədqiqatlar dünya alimlərinin diqqətini daha çox cəlb etməyə başlayıb. Polimerlərin minerallarla qarışdırılması prosesində xırdadispers mineral hissəciklərinin polimer matrisada makromolekulların heterogen kristallaşma mərkəzlərinin yaranması və artımı prosesinə təsiri kimi unikal xüsusiyyəti aşkar edilmişdir. Sonuncu hal minerallarla doldurulmuş polimer kompozitlərin xassələrinin yaxşılaşmasına əhəmiyyətli təsir göstərir.

Tədqiqatlar istifadə edilməzdən əvvəl emala uğradılan təbii mineralların istifadəsinə əsaslanırdı. Amma bu zaman makromolekulun-mineralın nanohissəciyinin qarşılıqlı təsirinin sərhəd sahələrində baş verən proseslərə təbii mineralların tərkibinin və kristallik quruluşunun xüsusiyyətlərinin təsirinə dair birbaşa tədqiqatlar praktiki olaraq həyata keçirilməmişdi. Tərkibində vezuvian, klinoptilolit, nano-gil, talk kimi minerallar olan kompozitlərin tədqiqi nəticəsində polimer kompozitlərin xassələrinin dəyişməsində daha çox yeni və ənənəvi izaha və şərhə heç də həmişə tabe olmayan qanunauyğunluqlar aşkar edilmişdir.

İlk dəfə olaraq polimer kompozitlərin yalnız möhkəmləndirilməsi üçün deyil, eyni zamanda yüksək axıcılıq göstəricisinə malik olan polimer materialların alınması üçün təbii minerallardan istifadənin unikal imkanı göstərilmişdir. 

Beləliklə, mineral-polimer kompozitlərin quruluş və xassələrindəki dəyişikliklərə yeni yanaşmaları və qanunauyğunluqları anlamaq və onları əsaslı izah etmək üçün kompleks tədqiqatların aparılmasına ehtiyac yaranmışdır.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.