Xəbərlər


ELMİN İNKİŞAFI FONDUNUN DƏSTƏYİLƏ AZƏRBAYCAN PALÇIQ VULKANLARININ FƏALİYYƏTİ VƏ GEOEKOLOJİ RİSKİN QİYMƏTLƏNDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ YENİ TƏDQİQATLARA START VERİLİB


Şərqi Azərbaycan ərazisində - quruda və Xəzər akvatoriyasında 400-dən çox palçıq vulkanı və onun təzahürü mövcuddur. Vulkanların püskürmə fəaliyyəti nəticəsində yer səthinə flüid və brekçiya çıxarılır. Bundan başqa, vulkanın gündəlik (sakit) fəaliyyəti dövründə böyük dərinlikdən qaz, minerallaşmış su, lilli palçıq və hətta bəzi vulkanlarda çoxlu neft üst səthə xaric edilir. Nəticədə, vulkan sahəsində qeyri-adı şoran torpaqlar, geokimyəvi cəhətdən nadir landşaftlar formalaşır və bu da ətraf mühitə, eləcə də canlı orqanizmlərə neqativ təsir göstərir.

AMEA Geologiya və Geofizika İnstitutunda palçıq vulkanları uzun müddətdir ki, müxtəlif aspektlərdən tədqiq olunur. Lakin vulkanların fəaliyyətilə əlaqədar, geoekoloji riskin qiymətləndirilməsi istiqamətində elmi-tədqiqat işlərinə lazımi səviyyədə diqqət yetirilməyib. Bu tədqiqatlar, yalnız müvafiq yeni avadanlıq və cihazlarlın əldə eldiməsi, həmçinin çöl-ekspedisiya işlərinin həyata keçirilməsilə mümkündür. Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə AMEA Geologiya və Geofizika və Radiyasiya Problemləri İnstitutlarının gənc alim və mütəxəssislərindən təşkil olunmuş tədqitatçı qrup “Azərbaycan palçıq vulkanlarının fəaliyyətində geoekoloji riskin qiymətləndirilməsi” layihəsi (Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsi (EİF/GAM-3-2014-6(21)) çərçivəsində,  yeni istiqamət üzrə tədqiqatlara başlamağa müvəffəq olub. Layihənin rəhbəri, GGİ-nun “Palçıq vulkanizmi” şöbəsinin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasovun məlumatına görə, layihə üzrə araşdırmalar bu ilin yanvar ayından strat götürüb. 50 000 manat dəyərində olan elmi-tədqiqat işinin icra müddəti 2017-ci ilin yanvar ayında sona çatacaqdır.