Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA NÖVBƏTİ GEOMEXANİKA SEMİNARI KEÇİRİLİB


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda“Müxtəlif tip seysmik dalğa parametrlərinin seysmoloji  məlumatlara görə təyini” mövzusu üzrə geomexanika seminarı keçirilib. Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, AMEA-nın həqiqi üzvü Hətəm Quliyevin sədrliyi ilə aparılmış tədbirdə geologiya üzrə fəlsəfə doktoru XanlarAğayevgeniş məruzə ilə çıxış edib. O, bildirib ki, geoloji mühitin dərin qatları geofizikanın müxtəlif metodları ilə yanaşı seysmik kəşfiyyat və seysmoloji metodlar ilə də öyrənilir. Azərbaycanda seysmik tədqiqatlar ən müasir geofiziki avadanlıqları və kompüter proqram paketlərini istifadə etməklə aparılır. Seymik kəşfiyyat ilə muhitin akustik xassələrini differensial şəkildə, yüksək statistika ilə əsasən uzununa dalğalarla 20-30 km dərinliyə qədər tədqiq edilir. Seysmologiyada mühitin akustik və elastiklik xassələrinin inteqral şəkildə uzununa P və SH, SV tipli eninə dalğalar ilə daha böyük dərinlikləri tədqiq etməyə imkan verir. Bu tədqiqatların nəticələrindən birgə istifadə edilməsi mühitin gərginlik vəziyyətini, zəlzələlərin baş verməsi səbəbi haqqında daha əsaslandırılmış fikir söyləməyə, seysmik profillərə görə mühitin fiziki mexaniki xassələrini dolğun təyin etməyə imkan verə bilər. Məsələn, regional seysmik profillərdə “Qranit” və “Bazalt” adlandırılan qatlar üzrə seysmik horizontlar izlənilir. Həmin qatların fiziki xassələrinin öyrənilməsinə, onlarda zəlzələ ocaqları olmasının müəyyən edilməsinə ehtiyac vardır. Belə tədqiqatlar dünyanın bir çox ölkələrində də aparılır. Azərbaycanda hələ ki, belə tədqiqatlar cüzi miqdardadır və onların aparılması metodu inkişaf etdirilməlidir.

Tədqiqatın əsas məqsədiYer qabığı geoloji kəsilişinin strukturunun və litologiyasının daha keyfiyyətli modelləşdirilməsi üçün süni seysmik və təbii seysmoloji dalğa sahələrinin məlumatlar bazasının birgə işlənilməsi və geoloji şərhi metodunun yaradılmasıdır.

Qeyd edilən məsələlərin həlli üçün ilk növbədə seysmoloji yazılarda müxtəlif tip seysmik dalğalar izlənməli və onlara görə  mühitin xassələri daha differensial  təyin edilməlidir. Tədqiqat zamanı daha keyfiyyətli məlumatların seçilməsi, lazım gələrsə məlumatların təkrar emal edilməsi nəzərdə tutulur. Tədqiqatda “Respublika Seysmoloji Xidmət Mərkəzi”-də tətbiq edilən “Antelope” paketi ilə alınan nəticələrdən ilkin məlumat kimi istifadə edilir. Lakin bu paketdə dalğaların izlənməsi alqoritmlərinin bizə məlum olmadığını və çox vacib olan SV tipli eninə dalğaların seçilməsi çətinliyini nəzərə alaraq “Geopress” proqram kompleksində əlavə olaraq xüsusi proqramlar yaradılmışdır.

Azərbaycanda baş vermiş 6 güclü zəlzələ üzrə məlumatlar hal-hazırda “Geopress” kompleksində tərtib edilmiş qrafla emal edilir.  Emalın əsas məqsədi seysmik dalğaları və əsasən SV tipli eninə dalğanı izləmək və onun kinematik parametrlərini təyin etməkdir. SH və SV dalğa məlumatlarından mühitin  seysmik anizotropiya, müxtəlif tipli elastiki xassələrinin təyin edilməsi üçün istifadə ediləcəkdir. Hacıqabul zəlzələsi üzrə məlumatlar tam emal edilmişdir. Nəticədə seysmik dalğaların tezlik spektri, müxtəlif korrrelyasiya funksiyaları seysmoqramları alınmış, uzununa və eninə dalğaların orta, lay sürətləri və Puasson əmsalının qiymətləri hesablanmışdır. Uzununa dalğa üzrə lay sürəti “Dərin seysmik zondlama” ilə təyin edilən sürətə uyğundur. Layın stratiqrafik mənsubiyyəti müəyyən edilməmişdir. Puaason əmsalı üzrə real qiymətlər alınmışdır, lakin onlar stansiyalar üzrə yüksək dispersiyaya malikdirlər. Bu dalğa vaxtlarında xətaların olması və seysmoloji yazıların qəbul şəraitinə görə korreksiya edilməməsi ilə əlaqədardır. Puasson əmsalı qiymətinin zəlzələ ocağından uzaqlaşdıqca az dəyişməsi seysmik dalğanın dərin laydakı yolunun demək olar ki, dəyişmədiyini göstərir.


X.Ağayev hesab edir ki, qeyd edilən tipli məlumatların təhlili üçün çoxlu zəlzələ üzrə məlumatlar emal edilərək statistik cəhətdən kifayət qədər məlumatlar toplanmalıdır. Tədqiqatda məlumatların emalı və proqnoz edilməsində süni neyron şəbəkələrindən istifadə edilməsi nəzərdə tutulur.


Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.