Xəbərlər


GƏNC ALİM ÇİNDƏ DOKTORANTURA TƏHSİLİ ALIR


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) kadr hazırlığı siyasətində daha bir önəmli addım atıb. Belə ki, Geodinamika və seysmologiya şöbəsinin əməkdaşı Bəhruz Əhədov Çin Elmlər Akademiyası Şanxay Astronomiya Rəsədxanasında (ŞAR) GGİ rəhbərliyinin dəstəyi ilə üçillik doktorantura təhsili almağa başlayıb. Gənc alim bu müddətdə “Kosmik geodeziyadan istifadə edərək Şərqi Aralıq dənizi və Qafqaz bölgəsinin tektonik kinematikası və modelləşdirilməsi” mövzusu üzrə tədqiqatlar aparacaq. Bakı Dövlət Universitetinin geologiya fakültəsində magistratura təhsilini 2014-cü ildə bitirmiş B.Əhədov ŞAR-a fərdi təşəbbüsü ilə bu il qəbul olunub. Onun Çində elmi rəhbəri ŞAR-ın “Peyk naviqasiyası və uzaqdan idarəetmə qrupu”nun rəhbəri, Beynəlxalq Planetar Elmlər Assosiasiyasının prezidenti və Beynəlxalq Geodeziya Assosiasiyasının vitse-prezidenti Şuangen Cindir.

Qeyd edək ki, GGİ-də fəaliyyətinə magistr kimi başlamış gənc doktorant son 3 ildə institutun kadr hazırlığı siyasətində uğurlu nəticələrlə irəliləyən əməkdaşlardan biridir. O, Almaniyanın Potsdam şəhərində yerləşən Yer Elmləri üzrə Almaniya Tədqiqat Mərkəzində (YEATM) “Seysmologiya, seysmik məlumatların analizi, təhlükənin qiymətləndirilməsi və riskin azaldılması” mövzusu üzrə biraylıq beynəlxalq təlimdə iştirak edib. Bakının İçərişəhər ərazisində aparmış olduğu seysmik ölçülərin nəticələrinin geofiziki alqoritm və proqramlarla analizini həyata keçirib, müsbət nəticələr alıb. Gənc alim bu ilin iyun və avqust aylarında YEATM-də Alman Akademik Mübadilə Mərkəzinin təqaüdü ilə tədqiqat da aparıb, Bakı üzrə seysmik küy ölçü məlumatları əsasında qurunt effektlərinin öyrənilməsi metodikasına dair təcrübə qazanıb. Qeyd olunan metod seysmik təhlükənin qiymətlədirilməsində böyük əhəmiyyət daşıyır. Gənc alim bu tip tədqiqatları Bakı şəhəri üçün ilk dəfə tətbiq edir.


B.Əhədov İstanbul Texniki Universitetində Türkiyə alimlərinin zəlzələ mühəndisliyi və fəlakətlərin idarə olunması istiqamətində tədqiqatlarının nəticələrini öyrənib. Sözügedən tədqiqatlar dünyada baş vermiş zəlzələlərin qardaş ölkədə toplanılmış məlumatları üzərində aparılıb. Bundan lavə, o, “GRID” adı ilə tanınan informasiya-hesablama sisteminin GGİ-də təşkil edilməsi məqsədi ilə Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları Mərkəzində təcrübə keçib. Üçaylıq kursda GRID-in qurulması, məlumatların hesablanması və mübadiləsi yollarını öyrənib ki, bu da geodinamik proses və seysmoloji hadisələrə dair informasiyaların təhlili üçün mühüm əhəmiyyət kəsb edir.


Gənc alim bu ilin iyununda Avstriyanın paytaxtı Vyanada Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatı tərəfindən təşkil olunmuş təlim kursunda da iştirak edib. O, beynəlxalq monitorinq sistemleri və beynəlxalq məlumat mərkəzinin informasiyalarından faydalanaraq seysmik dalğa formasını analiz etməyi öyrənib, mərkəzin stansiyalarından məlumatların əldə olunması yollarını və “Geotool” kompyuter proqramını da öyrənərək praktiki tətbiq edib. Proqram zəlzələ və ya nüvə partlayışının dalğalarını analiz etməklə hadisənin yeri və maqnitudasını müəyyənləşdirməyə imkan verir.


Gənc tədqiqatçının elmi rəhbəri, GGİ-nin Geodinamika və seysmologiya şöbəsinin müdiri, AMEA Yer elmləri bölməsinin rəhbəri, akademik Fəxrəddin Qədirov bildirir ki, institut rəhbərliyi gənc alimlərin xarici elmi təşkilatlarda təlim və təcrübə xarakterli kurslar keçməsinə, həmçinin doktorantura təhsili almasına böyük önəm verir. Bu istiqamətdə bir çox xarici elmi müəssisələrlə birgə layihələr həyata keçirilib, təcrübə mübadilələri aparılıb. B.Əhədovun Çində doktorantura təhsilinə başlaması həmin səmərəli təşəbbüslərdən biridir. İnstitut kadr hazırlığı siyasətinin tərkib hissəsi olan bu işləri son 10 ildə daha uğurla həyata keçirir.