Xəbərlər


ALMANİYA VƏ AZƏRBAYCAN ALİMLƏRİ PALÇIQ VULKANINDA BİRGƏ TƏDQİQATLAR APARIR


Almaniya alimləri azərbaycanlı həmkarları ilə birgə ölkəmizdəki palçıq vulkanlarında tədqiqatlar apararaq geodinamik prosesləri öyrənir. Bu məqsədlə Almaniyanın
Bremen Universitetinin “MARUM” adı ilə tanınan Dəniz Ətraf Mühiti üzrə Tədqiqatlar Mərkəzinin mütəxəssisləri Bakıya gəlib. Qurumun Dəniz geotektonikası departamentinin elmi assistenti Qoveyn Vimer və texniki mühəndisi Timo Flaşman Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) Geoloji mühitin radiometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Çingiz Əliyevlə birgə Ələtdə Daşğil palçıq vulkanında çöl işləri aparırlar. Mütəxəssislər MARUM-da hazırlanmış müasir elektron elmi-tədqiqat avadanlığını vulkanın ərazisində yerləşdirərək hərarət və msaməlilik təzyiqini ölçür.

Ç.Əliyev qeyd edir ki, bu tip texnologiya ilə tədqiqatlar 2004-cü ildən başlayıb. Hazırda daha geniş imkanlara malik olan bu avadanlıq hər gün 24 saat ərzində monitorinq aparacaq. O, Yer qabığında geodinamik proseslərin nəticəsində baş verən hərarət və təzyiqlərdəki dəyişiklikləri qeydə alacaq. Sonra alimlər məlumatları təhlil edəcək, ətrafda baş verən və zəlzələlərə səbəb ola bilən yeraltı prosesləri daha dəqiq öyrənmək imkanı qazanacaq.

Çöl işləri 4 gün davam edəcək.