Xəbərlər


İTALİYA VƏ AZƏRBAYCAN ALİMLƏRİ GƏDƏBƏY VƏ DAŞKƏSƏNDƏ BİRGƏ TƏDQİQATLAR APARIR


İtaliyalı alimlər azərbaycanlı həmkarları ilə Gədəbəy və Daşkəsən rayonlarında yeraltı suların və qazların izotop-geokimyəvi tərkibini öyrənir. Bu məqsədlə İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) Florensiya Universitetindən professor Franko Tassi, dosent Federiko Sani və Geologiya Elmləri və Yer Ehtiyatları İnstitutunun elmi işçisi Maria Laura Balestrieri
sentyabrın 7-də Azərbaycana gəliblər. Onlar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) Çökmə hövzələrinin fluid dinamikası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əkpər Feyzullayev və Geoloji mühitin radiometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev ilə birgə çöl tədqiqatları aparacaqlar. Bir həftə davam edəcək işlər çərçivəsində təbii mineral və termal suların, həmçinin qazların (radon, helium, arqon, karbohidrogen və karbon qazları) çıxdığı ərazilərdə geoloji araşdırmalar və analitik ölçmələr həyata keçiriləcək, nümunələr götürüləcək. Sonra nümunələr İtaliyada izotop-geokimyəvi analiz olunacaq. 

Tədqiqatlarda məqsəd termal suların və qazların geokimyəvi xassələrinin və izotop tərkibinin öyrənilməsi nəticəsində onların mənşəini  müəyyən etməkdir. 

İşlər AMEA və İMTŞ-in 2014-2015-ci illəri əhatə edən “Böyük Qafqazın şərq hissəsinin və Talış dağlarının flüid təzahürləri: flüid geokimyası, struktur və geodinamik asılılıq” adlı müştərək elmi layihəsi çərçivəsində həyata keçirilir.